Ermənilərə möhlət vermək olmaz! - Problem yaradacaqlar...

Bütün ərazilər minalardan təmizlənəcək
Laçında Azərbaycanın güc strukturları ciddi işə başlayacaq
Onlara əlavə vaxt, möhlət versək, Qarabağda başqa problemlərlə üzləşərik
   Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan Ordusunun hərbi polis bölmələrinin təhlükəsizlik fəaliyyətləri həyata keçirilir. Yaşayış məntəqələrində yeni qurulan stasionar və səyyar postlarda sutkalıq xidmət təşkil olunur. Nəzarət-buraxılış məntəqələrində patrul xidməti həyata keçirilir, obyektlər mühafizə olunur, əraziyə daxil olan texnikalar istiqamətlənir və müşayiət edilir. Kinoloji Mərkəzdə xüsusi təlim keçmiş cins itlərin cəlb edilməsilə ərazidə mina axtarış tədbirləri həyata keçirilir. Bundan əlavə mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir. Əsas səylər yaşayış məntəqələrində kustar üsulla hazırlanan partlayıcıların və tələ minaların aşkar olunaraq zərərsizləşdirilməsinə yönəldilir. Mütəxəssislər də ermənilərin çıxdığı ərazilərin qarış-qarış minalardan və tələ partlayıcılardan təmizlənməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirirlər.
  Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov “Sherg.az"a ərazilərin minalardan tam təmizlənməsinin və bölgənin təhlükəsiz hala gəlməsinin bir qədər zaman aparacağını deyib. Ekspert vurğulayıb ki, ermənilər 1992-ci ildə Laçını işğal etdikdən sonra rayonun ətrafında və digər ərazilərdə minalanma həyata keçiriblər: “Laçında Birinci Qarabağ müharibəsindən qalma mina və partlayıcılarla yanaşı, sonradan basdırılanlar da var. Ötən günlərdə Azərbaycanın Müdafiə Nazirliyi faktlarla bütün dünyaya sübut etdi ki, 2021-ci ildə Ermənistanda istehsal olunmuş piyada əleyhinə minalar Laçına gətirilib və basdırılıb. Rusiya sülhməramlı kontingentinin orada olmasına baxmayaraq, ermənilər ərazilərimizi minalayıblar. Deməli, ruslar buna şərait yaradıblar. Yəni 44 günlük müharibədən sonra rus sülhməramlılarının nəzarətində olan ərazilərimiz ermənilər tərəfindən partlayıcılarla doldurulub. Ermənilər hər zaman düşmənçilik siyasəti güdüblər, daim əleyhimizə atılacaq addımlar barədə düşünüblər. Azərbaycanlılarla qonşuluq siyasətini bərpa etmək niyyətləri olmayıb. Atdıqları addımlarla bunu dəfələrlə isbatlayıblar. Məhz ermənilərin müharibə qanunlarına zidd cinayətkar əməllərinin nəticəsidir ki, savaş bitəndən sonra xeyli əsgər və zabitimiz, mülki şəxslərimiz minalardan ziyan görüblər. Ölənlər, ciddi xəsarət alanlar olub. Ancaq buna rəğmən, Azərbaycan dövləti gec-tez bütün əraziləri minalardan təmizləyəcək və təhlükəsizliyi tam bərpa edəcək”.
  Laçın dəhlizinə alternativ yeni yolun fəaliyyətə başlamasından danışan polkovnik bildirib ki, əgər söhbət Azərbaycan-Ermənistan sərhədindən gedirsə, dövlətimizin sərhədlərini öz ordularımız, öz qurumlarımız qorumalıdır: “Ermənistandan Azərbaycan ərazisinə keçən istənilən şəxs gömrük-sərhəd xidməti tərəfindən mütləq yoxlanmalıdır. 2020-ci ildə Laçın dəhlizini rus sülhməramlılarına həvalə etsək də, onlar özlərini doğrultmadı. Məndə olan məlumata görə, yeni yolun başlanğıcında Azərbaycan dövlətinin Sərhəd Xidmətinin əsgər və zabitləri yoxlamaları həyata keçirəcəklər. O cümlədən də Dövlət Gömrük Komitəsi yeni yola girişdə öz fəaliyyətini icra edəcək. Kimin bu məsələyə necə yanaşmasından asılı olmayaraq, rəsmi Bakı öz tələblərini diktə etməli və istəyinə nail olmalıdır. Düşünürəm ki, bu məsələdə son qərar avqustun 31-də Brüsseldə keçirilən görüşdə veriləcək. Çox qəribə davranırıq, sanki Azərbaycan ərazisində özümüzü “günahkar” kimi aparırıq, nədənsə ehtiyat edirik. Rusiya sülhməramlılarının Azərbaycana gətirilməsində məqsəd bölgənin təhlükəsizliyini qorumaq idi. Yəni ermənilərin yaramazlığının qarşısının alınması idi. Ancaq ötən iki il ərzində gördük ki, ruslar Qarabağa ermənilərin maraqlarını təmin etmək üçün gəliblər. Ruslara və ermənilərə yenidən əlavə vaxt, möhlət versək, Qarabağda başqa problemlərlə üzləşəcəyik. Yenə Qarabağa silah-sursat daşınacaq və girən-çıxan bəlli olmayacaq. Məsələni ən qısa zamanda həll etmək lazımdır”.