İranda vəziyyət ən qəliz labirintə doğru itələnir - ŞƏRH
12:33 25.09.2022
Siyasət
578
"Nəticə etibarı ilə İran hədəf taxtasında oturdulur və ona qarşı atıla biləcək bıçaqlar itilənir"
"İrandakı kütləvi iğtişaşları xarici “gizli əllər”lə paralel formada diqqətdə saxlamaq lazımdır".
Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
Analitik bildirib ki, etirazlar silsiləsində növbəti səhifələri yazanlar hakimiyyətdaxili çəkişmələrin tərəfləridir:
"Təəccüblü gəlsə də, onlar “xarici qələmlər”in gücündən məharətlə istifadə edirlər. Ona görə də hakimiyyətin ən ali zirvəsi sayılan ali liderlik uğrundakı mühafizəkarlarla liberallar arasındakı çarpışmada birincilər “xarici qüvvə” amilinin İrana uzanan əllərindən danışırlar. İkincilər isə Qərbin liberal ideyalarını əllərində bayraq tuturlar. İşin əsli çoxşaxəli predmetlərlə əlaqəlidir və bir-birinə bağlı olan səbəblər zəncirinin nəticələridir. Həmin nəticələr yeni nəticələrə hazırlıq məşqləridir, yəni İranda tüğyan edən mitinqlərin məğzi ölkədəki hazırkı idarəetmə sistemi ilə post-Xamenei dövrü arasındakı keçid mərhələsidir. Hazırda ali lider Seyid Əli Xameneinin yerinə yiyələnmək uğrunda iki fiqur oyun oynayır. Biri ali liderin oğlu Müctəba Xamenei, digəri isə Prezident İbrahim Rəisidir. İran siyasi elitasının psixoloji mühiti ilə real dünya arasındakı balansın kəskin pozulması isə həmin mübarizənin şiddətini artırır və bunun bəzi işartıları küçələrdə, meydanlarda təzahür edir. "Küçələr”, “meydanlar” deyərkən qavrayışımızda xalq anlayışı avtomatik canlanır, məsələ istər-istəməz təbii şəkildə də olsa sinxronluq təşkil edir".
Ekspertə görə, İranda xalqın kasıb təbəqəsi inqilabın və ya mitinqlərin hərəkətverici qüvvəsi deyil, orta təbəqədir:
"İslam İnqilabının övladı olan şəriət əsaslı Konstitusiya müxtəlif siniflərin koalisiyasının nəticəsi olsa da, vurğulamaq lazımdır ki, bunun ərsəyə gəlməsində əsas rolu orta sinif oynayıb. Orta sinifdən təkamül edən başqa bir qrup isə liberal dəyərlər şüuru ilə böyüyüb. İndi onlar ölkədə ayrı ideoloji idealları yayırlar. Onların istəkləri təkcə iqtisadi-sosial tələblərə yox, həm də mədəni, sosial, siyasi motivlərə də söykənir. Teokratik rejimin qaymaqları, yəni yuxarı təbəqə mühafizəkar ictimai-siyasi nizamı saxlamaqda maraqlıdır, çünki bu, onların sərvət toplaması, varlanması və hakimiyyəti konservativ əsaslarla bərkitməsi üçün əlverişli şərtlərin məcmusudur. Orta təbəqə hakimiyyətə müxalif dairələrin əlinin güclənməsinə rəvac verir. Lakin onun ali lider seçilməsi prosedurlarında rolu yoxdur. Yəqin, buna görədir ki, hakimiyyət iyerarxiyasının postulatlarında dəyişikliyə nail olmaq hədəflənir. Lakin orta təbəqə İslam İnqilabından sonrakı periodda hakimiyyətin dayaqlarını laxladan seysmik dəyişikliklərin müəllifinə çevrilə bilməyib. İdeologiya cəhətdən liberal cəhətləri özündə birləşdirsə də, o, sosial-siyasi imtiyazlarını gücləndirmək niyyətlərini güdür".
A.Kərimov qeyd edib ki, İranda orta təbəqənin hakimiyyətdəki “nümayəndələri” də var:
"Yəni gərgin situasiya onlara hakimiyyət nərdivanında daha üstün pillələrə çıxmaq üçün vasitələr toplusuna çevrilir. İstər mühafizəkar, istərsə də liberal xətt tərəfdarlarının arasında isə SEPAH kimi güc “incə balans”la dayanır və o, proseslərə yön verir, tənzimləyir, İranın “qırmızı xət”lərinin aşılmasına imkan verməmək şərtilə gah o tərəfə, gah da bu tərəfə əyilir. Seyid Əli Xamenei əcəl yaşı çatmaq həddinə qədər yaşlanıb, ara-sıra onun ölüm xəbərinin yayılması da iqtidardakı ali mənsəb hərislərinin nəbz yoxlamaq məqsədli əl işi ola bilər. İrandakı ucalan etiraz səslərinin xarici qüvvələrlə harmoniyasını ölkənin xarici siyasət kursundakı elementlər formalaşdırır, proses isə təbii şəkildə baş tutur. İranın beynəlxalq nizama baxışı qlobal gücün iki oxuna əsaslanır. Tehran elə düşünür ki, dünyadakı liberal nizam dağılır və ABŞ-ın hegemonluğu azalır. Buna görə də Rusiya və Çin mərkəzli nizam İran dövlətinin gözündə yüksələn ox kimi görünür. Bununla da İran “nə Şərq, nə də Qərb” konsepsiyasından əl çəkərək Moskva və Pekinlə əməkdaşlıq formatının dərinləşməsinə can atır. İslam Respublikasının belə duruşu, təbii ki, onun Qərbdəki rəqiblərinin, əsasən də, ABŞ və Britaniyanın gözündən yayınmır, bura İsrail amilini də əlavə etsək, vəziyyət ən qəliz labirintə doğru itələnir. Nəticə etibarı ilə İran hədəf taxtasında oturdulur və ona qarşı atıla biləcək bıçaqlar itilənir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm