"“Şərq” mənim həyatımda silinməz iz qoyub” - Professordan duyğusal yubiley təbriki

  • Yusif Alıyev “Şərq” qəzetinin 30 illik yubileyi münasibətilə təbrik ünvanlayıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev “Şərq” qəzetinin təsisçisi və baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlıya qəzetin 30 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Sherg.az xəbər verir ki, Yusif Alıyev təbrikində “Şərq” qəzetinin 30 illik fəaliyyətini böyük zəhmətin, peşəyə sədaqətin və oxucu qarşısında məsuliyyətin ifadəsi kimi dəyərləndirib. O bildirib ki, qəzet ictimai həyatın mühüm məsələlərinə həssas münasibəti, milli-mənəvi dəyərlərə, tarixə və mədəniyyətə diqqəti ilə Azərbaycan mətbuatında özünəməxsus yer tutub.

Professor qəzetin maarifçilik ənənələrinə bağlılığını, təhsilə və ziyalı düşüncəsinə verdiyi önəmi xüsusi vurğulayıb. O, milli mətbuatın inkişaf yolundan bəhs edərkən Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə, milli dövlətçilik düşüncəsinə və ziyalı sözünə verdiyi dəyəri ehtiramla xatırladıb.

Yusif Alıyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı tarixi Zəfər və ərazi bütövlüyümüzün bərpası Vətənə xidmət anlayışına yeni məzmun və daha böyük məsuliyyət qazandırıb. Onun sözlərinə görə, milli birliyin möhkəmləndirilməsi, tarixi yaddaşın yaşadılması, gənc nəslin vətənpərvər, savadlı və müstəqil düşüncəli yetişdirilməsi həm təhsil işçilərinin, həm də mətbuat nümayəndələrinin qarşısında duran mühüm vəzifələrdəndir.

Təbrik məktubunda Yusif Alıyev “Şərq” qəzetində çalışdığı illəri minnətdarlıq və qürur hissi ilə xatırladığını bildirib.

O, həmin dövrü həyatında dəyərli təcrübə qazandığı peşə məktəbi kimi xarakterizə edib. Qeyd edib ki, jurnalistikada qazandığı təcrübə sonrakı elmi-pedaqoji fəaliyyətində və təhsil quruculuğu yolunda mühüm rol oynayıb.

Professorun fikrincə, hadisələrə diqqətlə yanaşmaq, faktları dəqiqləşdirmək, sualları düzgün qoymaq və fikri əsaslandırmaq jurnalistikanın insana qazandırdığı qiymətli keyfiyyətlərdəndir. Bu bacarıqlar elmi araşdırmalarda, müəllimlikdə və təhsil müəssisəsinin idarə olunmasında da mühüm əhəmiyyət daşıyır.

Yusif Alıyev vurğulayıb ki, “Şərq”də qazandığı təcrübə insanları dinləməsinə, fərqli mövqeləri anlamasına və məsələləri ictimai əhəmiyyəti baxımından qiymətləndirməsinə töhfə verib. Onun sözlərinə görə, jurnalistika yazılan sözün arxasında insan taleyini, qaldırılan problemin arxasında isə həllini gözləyən ehtiyacı görməyin vacibliyini öyrədib.

Təbrikdə elm və təhsil sahəsində də sözün dəqiqliyinin, ünsiyyətin aydınlığının və elmi fikrin anlaşıqlı çatdırılmasının əhəmiyyəti qeyd olunub. Professor fəaliyyət sahəsi dəyişsə də, “Şərq” qəzetinə mənəvi bağlılığının qorunub saxlandığını, qəzetin uğurlarını doğma redaksiyasının uğuru kimi qarşıladığını bildirib.

Yusif Alıyev əminliyini ifadə edib ki, “Şərq” bundan sonra da milli mətbuatın zəngin ənənələrini davam etdirəcək, cəmiyyətin düşüncə həyatına töhfələr verəcək və məsuliyyətli jurnalist mövqeyi ilə oxucularının etimadını qoruyacaq.

Sonda professor Akif Aşırlıya möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və redaktorluq fəaliyyətində yeni uğurlar arzulayıb, qəzetin yaradıcı kollektivini 30 illik yubiley münasibətilə təbrik edib.