İtaliya Azərbaycanın ən mühüm strateji tərəfdaşıdır -ŞƏRH

İlyas Hüseynov: "Avropa məkanında milli maraq və mənafelərimizi dəstəkləyən, həqiqətlərimizi müdafiə edən məhz İtaliya idi"
Vüqar Bayramov: "Azərbaycanın İtaliya bazarına mavi qaz nəql etməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərib"
İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan səfərindən məmnun qalıb. Qonaq Prezident İlham Əliyevlə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında bildirib ki, İtaliya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. O vurğulayıb ki, İtaliya Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı sahəsində müsbət mövqeyini ortaya qoyur: "İki ölkə arasında münasibətlərin inkişafı üçün yeni addımlar atacağımıza inanıram". Prezident İlham Əliyev də vurğulayıb ki, İtaliya ilə münasibətlər xüsusi bir inkişaf yoluna qədəm qoyub. Səsləndirilən bəyanatlarda hər iki ölkənin strateji tərəfdaşlığının tarixi və bugünkü reallıqlar tam əksini tapıb. Hər iki dövlət başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarına bir daha xüsusi diqqət çəkiblər. 2015-ci ildə imzalanmış ilk strateji tərəfdaşlıq sənədi, ardınca isə 2018-ci ildə qəbul edilən Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə siyasi əlaqələrin institusional çərçivəsini müəyyənləşdirib. Həmin sənədlər kağız üzərində qalmayıb, praktiki əməkdaşlıqda özünü doğruldub. Azərbaycan-İtaliya əməkdaşlığının ən mühüm simvollarından biri Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsidir. 2020-ci ildən etibarən Azərbaycan qazı TAP vasitəsilə İtaliyaya ixrac olunmağa başlayıb və bu gün Cənub Qaz Dəhlizi 14 ölkəyə enerji resursları çatdırır. Azərbaycan-İtaliya münasibətləri xüsusilə enerji sahəsində özünü qabarıq göstərir. İtaliya hazırda Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Neft və qaz ixracı sahəsində əldə olunmuş uğurlar yalnız iqtisadi maraqların təminatı deyil, həm də qarşılıqlı etimada əsaslanan siyasi tərəfdaşlığın nəticəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın nefti İtaliyanın neft balansında birinci, qazı isə ikinci yerdə qərarlaşıb. Bu fakt özü-özlüyündə münasibətlərin miqyasını göstərir. Enerji, sənaye, humanitar və təhsil sahələrində artan dinamika bu tərəfdaşlığı daha da gücləndirir. Azərbaycan-İtaliya strateji əməkdaşlığı həm region, həm də beynəlxalq aləm üçün həqiqətən nümunəvi bir modeldir.
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru İlyas Hüseynov Sherg.az-a deyib ki, Azərbaycan torpaqları işğal altında olarkən Avropa məkanında milli-maraq və mənafelərimiz nöqteyi-nəzərindən çıxış edən, narrativlərimizi dəstəkləyən, həqiqətlərimizi müdafiə edən məhz İtaliya idi. Ekspert bildirib ki, İtaliya ATƏT-in Minsk qrupunun üzvü kimi müxtəlif dinləmələr zamanı, ölkəmiz əleyhinə aparılan şər-böhtan kampaniyaları vaxtı Azərbaycanın mövqeyini müdafiə edib:
 "Bu münasibət ikitərəfli və çoxtərəfli təmaslarda da özünü göstərib. Eyni zamanda Avropa İttifaqı üzvləri arasında Azərbaycan-Avropa İttifaqını və Azərbaycan-NATO yaxınlaşmasını təşviq edib. Müxtəlif proqramlar vasitəsi ilə, təhsil və digər müstəvilərdə Azərbaycanın maraqlarının Avropa məkanında təmin olunmasına yardımçı olub. İtaliya Vətən müharibəsində də Azərbaycanı birmənalı dəstəkləmişdi və bu, bizim beynəlxalq mövqeyimizin daha da güclənməsinə səbəb olmuşdu. Cənab Prezident vurğulamışdı ki, Vətən müharibəsində hansı ölkə bizi dəstəkləyibsə, həmin dövlətlərlə əməkdaşlığımızı daha da artıracağıq. Məhz ona görə də işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq prosesində İtaliyanın da yer alması olduqca mühümdür. İtaliya ilə əməkdaşlığımız həm neft-qaz sahəsini əhatə edir. TANAP, TAP, Cənub Qaz Dəhlizi və s. layihələri göstərmək olar. Həmçinin, alternativ, bərpaolunan enerji sahəsində də İtaliyanın təcrübəsi böyükdür. İtaliya çoxdan bu trendləri qəbul edib, böyük işlər görüb. İtaliya şirkətləri ilə işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji sahəsində əməkdaşlıq etmək mümkündür. Azərbaycanın mövqeyi, atdığı addımlar, qazandığı təcrübə və postmüharibə dönəmində yürütdüyü diplomatiya diqqət mərkəzindədir. İtaliya da Azərbaycanla əməkdaşlıqda maraqlıdır və bu cür təmaslar gələcəkdə də davam edəcək". 
Millət vəkili Vüqar Bayramov da Sherg.az-a bildirib ki, İtaliya Azərbaycanın vacib tərəfdaşlarından hesab olunur. Parlament üzvünün sözlərinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 11 milyard 390 milyon dollar olub: 
"Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci ildə qeydə alınıb: 18 milyard 122 milyon dollar. Bu kəskin artım Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının və eləcə də mavi qazın qiymətinin kəskin artması ilə bağlı idi. 2024-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 24.0 faizi İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın İtaliya bazarına mavi qaz nəql etməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərib. Belə ki, Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. İkinci mərhələdə isə bu göstərici 20 milyard kubmetr olacaq. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac edilir ki, bu da təbii ki, ölkələr arasındakı iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir. Dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasındakı münasibətlərin daha da inkişafı baxımından və strateji əməkdaşlığın gücləndirilməsi askpektindən kifayət qədər əhəmiyyətlidir. İtaliya investisiyasının Azərbaycanın qeyri-neft sektoruna və eləcə də işğaldan azad olunan ərazilərimizə cəlb edilməsi də prioritet olaraq qalmaqdadır. O baxımdan rəsmi səfərlər iki ölkə arasındakı əməkdaşlığı daha möhkəmləndirir".