Rusiya prezidentinin məlum açıqlamaları təyyarə insidenti ilə bağlı məsələlərin həll olunduğunu deməyə əsas verir
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya rəhbəri Vladimir Putinlə təkbətək görüşüb. Putin dövlət başçısı İlham Əliyevə görüşə AZAL-ın təyyarə qəzası ilə bağlı vəziyyəti müzakirə etməklə başlamağı təklif edib. Liderlərin söhbətində Putin Rusiya səmasında AZAL təyyarəsinin iştirakı ilə baş vermiş faciəyə görə üzr istəməsini xatırladıb. O, Azərbaycan Prezidenti ilə görüşdə AZAL-ın təyyarə qəzasında həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı verib: "Rusiya Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaqa hərtərəfli yardım göstərir". Putin əlavə edib ki, AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya belə faciəvi təzminatın ödənilməsi üçün zəruri bütün tədbirləri görəcək. Kreml rəhbəri bildirib ki, baş vermiş hadisə üzrə araşdırma davam edir və yaxın vaxtda başa çatacaq: "Həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya HHQ tərəfindən atəş açılıb. Atəş təyyarəyə açılmasa da, qəlpələr təyyarəyə dəyib. Faciə Ukraynaya məxsus PUA-nın səmada olması səbəbindən baş verib. Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən atılan iki raket təyyarəyə dəyməyib, bir neçə metr aralıda partlayıb.
Təyyarə çox güman ki, raket qalıqları ilə zərbə alıb. AZAL-ın uçuş heyəti Mahaçqalaya enə bilərdi, lakin öz hava limanına uçmaq qərarına gəlib. Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq".
Rusiya prezidenti təyyarənin qəzaya uğramasına səbəb olan bir sıra halları açıqlayıb: "Səmada məhz Ukraynaya məxsus pilotsuz uçuş aparatı olub. Biz faciə baş verən gecə Rusiya Federasiyasının sərhədini keçən üç pilotsuz təyyarəni idarə edirdik. İkinci səbəb isə Rusiyanın hava hücumundan müdafiə sisteminin özündə texniki nasazlıqlardır". Onun sözlərinə görə, buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib - əgər bu baş versəydi, təyyarə elə yerindəcə məhv olardı. Putin vurğulayıb ki, zərbə məhvedici döyüş elementləri ilə vurulmayıb, yəqin ki, raketlərin özlərinin parçaları ilə dəyib: "Bizim borcumuz baş verən hər şeyə obyektiv qiymət vermək və əsl səbəbləri müəyyənləşdirməkdir. Lakin bu, müəyyən vaxt tələb edir. Bu məsələni sona çatdırmaq üçün yəqin ki, bir qədər də vaxta ehtiyac var".
Prezident İlham Əliyev görüşdə ötən ilin dekabrında Azərbaycan Hava Yollarına məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı verdiyi ətraflı məlumata görə Vladimir Putinə təşəkkür edib: "Sizin də xatırladığınız kimi, biz həmin vaxt əlaqə saxlamışdıq. O zaman mən Sankt-Peterburqa səfər edirdim. Təyyarədə olarkən mənə bu faciə barədə məlumat verildi. Mən sizə zəng etdim və öz təəssüfümü bildirdim, tədbirdə iştirak edən həmkarlarımıza da obyektiv səbəblərdən tədbirdə iştirak edə bilməyəcəyimi çatdırmağınızı xahiş etmişdim". Dövlət başçısı təyyarə qəzası ilə bağlı situasiyanı şəxsən nəzarətdə saxladığına görə Rusiya prezidentinə təşəkkürünü bildirib: "Biz sizinlə dəfələrlə fikirlərimizi bölüşmüşük. Bundan başqa bizim komandaların üzvləri də daimi şəkildə əlaqədədirlər. Bizim şübhəmiz olmayıb ki, bu hadisə obyektiv araşdırılacaq. Buna görə mən sizə bir daha təşəkkürümü bildirmək istəyirəm ki, siz məsələlərə aydınlıq gətirmək üçün bizim görüşümüzü lazımlı bilmisiniz. Sizin də qeyd etdiyiniz kimi təkcə ticari-iqtisadi əlaqələr deyil, digər sahələrdə də bu il əlaqələrimiz uğurla inkişaf edib. Vurğuladığınız kimi ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilir. Həmçinin digər sahələrdə də heç bir ləngimə yoxdur, əksinə, bizim sizinlə müəyyənləşdirdiyimiz bütün yol xəritələri uğurla reallaşdırılır".
Politoloq Natiq Miri Sherg.az-a deyib ki, Azərbaycan və Rusiya münasibətlərində yenidən haqlı tələblərimiz yerinə yetirilməlidir. Ekspert vurğulayıb ki, görüşdə dövlət başçısının sərt və qətiyyətli duruşu, mövqeyi də göstərdi ki, Azərbaycan qarşı tərəfin izahatlarını dinləməyə hazırdır:
"Azərbaycan Rusiya ilə əlaqələrin normallaşmasında maraqlıdır. Ancaq Rusiya dövlət başçısının sadəcə üzrxahlığı təkrarlaması yetərli deyil. Rusiya ardıcıl olaraq bir sıra addımlar atmalıdır. Zərərçəkənlərə beynəlxalq hüquq çərçivəsində kompensasiya ödənilməlidir. Ardınca isə məsuliyyət daşıyan şəxslər üçün cinayət məsuliyyəti dövriyyəyə girməlidir. Cinayətdə iştirak edən hər kəs həbs olunmalıdır. Əfsuslar olsun ki, ötən müddət ərzində bunun şahidi olmadıq, hətta əksinə, addımların atılmasını izlədik. Hadisəyə görə Azərbaycanı ittiham etdilər, hədələdilər. Rusiya prezidentinin gərgin olduğu da nəzərdən qaçmırdı. Kreml rəhbəri ciddi-cəhdlə çalışır ki, Azərbaycan liderini razı salacaq bir ritorikadan istifadə edə bilsin. Lakin yenə deyirəm, Putinin sözlərindən daha çox Rusiya dövlətinin atdığı, atacağı addımlar önəmlidir və həlledicidir".
N.Miri əlavə edib ki, Bakı Moskvadan konkret əməli addımların atılmasını gözləyir:
"Danışıqların nəticəsi bundan sonra görüləcək işlərdən asılıdır. Rusiya dövlət başçısının izahatı və bəyanatı sadəcə Azərbaycan tərəfinin könlünü almaq mahiyyəti daşıyacaqsa, belə təmaslar nəticəsiz qalacaq. Azərbaycanın tələblərində zərrə qədər güzəşt, geriyə çəkilmə yoxdur. Bizim tələblərimiz beynəlxalq hüquqa əsaslanır. Rusiya Azərbaycanla bərabərhüquqlu qarşılıqlı əlaqələr qurmaqdan çəkinməməlidir. Əks halda münasibətləri tənzimləmək mümkün olmayacaq".
Siyasi şərhçi Asif Nərimanlı da Sherg.az-a deyib ki, Rusiya AZAL-ın vurulan təyyarəsi ilə bağlı Azərbaycanın bütün tələblərini qəbul edib. Ekspert vurğulayıb ki, hadisə ilə bağlı araşdırmanın yaxın vaxtda başa çatacağını deyən Putin diqqəti “kənar müdaxilə” üzərinə yönəltməyə çalışdı:
"Bu, məsuliyyəti müəyyən qədər də olsa, bölüşdürmək məqsədi daşıyır. Putin bildirdi ki, Rusiyanın hava məkanına müdaxilələr olub və Hərbi Hava Qüvvələri buna qarşı atəş açıb. AZAL-ın təyyarəsi hədəf kimi seçilməsə də, atəş açılan vaxt qəlpələrə tuş gəlib. Azərbaycan da qəza baş verən ilk gündən bu mövqedən çıxış edirdi. Rusiya AZAL-ın təyyarəsini hədəf olaraq seçməyib, lakin HHQ-nin səhvləri nəticəsində böyük faciə baş verdi və buna görə Moskva Bakının üç haqlı tələbini qəbul etməlidir. Baş verənlərə görə Azərbaycandan üzr istənilməli, kompensasiya ödənilməli və günahkarlar cəzalandırılmalıdır. Putinin hadisə baş verən vaxt dövlət başçısı İlham Əliyevlə telefon danışığında üzr istəməsi ilə birinci tələb yerinə yetirilsə də, Moskva digər iki tələbə məhəl qoymamaq siyasəti sərgiləyirdi. Buna paralel olaraq, tələblərindən geri çəkilməsi üçün informasiya və siyasi müstəvidə Bakıya təzyiqlər edildi. Hərçənd, Azərbaycan tərəfi bütün təzyiqlərə baxmayaraq, ilk gündə sərgilədiyi mövqeyindən geri çəkilmədi. Nəhayət, Azərbaycanın iki tələbi - kompensasiya ödənilməsi və günahkarların cəzalandırılması Putin tərəfindən qəbul olundu. Bu nəticənin əldə edilməsində Azərbaycan liderinin prinsipial mövqeyi həlledici amil oldu".