İğdır-Naxçıvan qaz kəməri layihəsinin işə düşməsi həm də bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək
Prezident İlham Əliyevin qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə İğdır-Naxçıvan qaz kəmərinin açılışında iştirak etməsi fonunda hər iki lider tərəfindən verilən mühüm bəyanatlar və birlik mesajları qlobal güclərin yaratdığı hazırkı geosiyasi xaos vəziyyətində Azərbaycan-Türkiyə əlaqələrinin keyfiyyətcə yeni, daha sıx birlik və tərəfdaşlıq mərhələsinə qədəm qoyduğunu göstərir. Türkiyə-Azərbaycan birliyinin daha da dərinləşməsi dəyişən dünya düzəni şərtlərində son dərəcə vacib məsələdir. Hazırda dünyada o qədər xaos və qarışıqlıq, hərcmərclik yaranıb ki, vəziyyət istənilən an dəyişə və daha mürəkkəb, qeyri-müəyyən durum yarana bilər. Belə bir bir həssas və dəyişkən dönəmdə Türkiyə-Azərbaycan birliyinin çox böyük önəmi var. Ölkələrimiz arasında birlik və həmrəyliyin daha da güclənməsi bizi baş verə biləcək istənilən geosiyasi təlatümlərin mənfi təsirlərindən, fəsadlarından sığortalaya bilər.
Bu baxımdan, İğdır-Naxçıvan qaz kəmərinin açılışı Azərbaycan və Türkiyənin birliyini gücləndirən, iki qardaş ölkə arasında strateji tərəfdaşlığı və sarsılmaz dostluğu daha da irəliyə aparan mühüm hadisədir.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov da “Sherg.az"a açıqlamasında deyib ki, İğdır-Naxçıvan qaz kəməri layihəsinin işə düşməsi Naxçıvanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, eyni zamanda bölgənin sosial-iqtisadi inkişafına da mühüm töhfə verəcək:
“O cümlədən də Ermənistanın yaratdığı blokada vəziyyətinin gətirdiyi sıxıntıları minimallaşdırmağa imkan verəcək. Sözügedən blokada vəziyyətinin aradan qaldırılması və Naxçıvanın Azərbaycanın əsas hissəsindən zorla qoparılması kimi böyük tarixi ədalətsizliyə son qoyulması üçün indi irəliyə doğru bir addım da atmış olduq. Prezident İlham Əliyevin İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışı zamanı söylədiyi kimi, bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərib.
Cənab Prezident çıxışında 105 il öncəki tarixi gerçəkliklərə qısa ekskurs etdi və qədim Azərbaycan torpaqlarının (o cümlədən Qərbi Zəngəzurun) Ermənistana necə verilməsi, eləcə də Naxçıvanın necə blokadaya alınması, Ulu Öndər Heydər Əliyevin ermənilərin Qarabağın ardınca Naxçıvanı da işğal etmək planlarının qarşısını aldığını diqqətə çatdırdı: "Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular".
Həmin vaxt Naxçıvanın işğal altına düşməməsinin səbəblərindən biri kimi o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsünün inşa edildiyini və Türkiyədən gələn yardımların Naxçıvanın qorunmasına çox önəmli töhfə verdiyini qeyd edən Prezident İlham Əliyev haqlı olaraq bu günün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gün olduğunu vurğuladı. Öz növbəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İlham Əliyevlə bağlı rəsmi sosial şəbəkə hesabında etdiyi paylaşımında Türkiyə və Azərbaycanın istənilən layihəni birlikdə həyata keçirmək əzmində olduğunu bildirib”.