“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH

“Avropa Birliyi ilə Avrasiya İqtisadi İttifaqını eyni vaxtda inteqrasiya etmək mümkün deyil”

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasının yekunlarına dair mətbuat konfransında bildirib ki, Gümrüdəki Rusiya hərbi bazası Ermənistanın Avropa İttifaqına üzvlük niyyətinə hələlik mane olmur:

“Bəli, Ermənistan Avropa İttifaqına üzvlük prosesinə başlamaq üçün qanun qəbul edib. Lakin biz hələ o mərhələdə deyilik ki, Rusiya Silahlı Qüvvələrinin 102-ci bazası bizim görmə sahəmizi bağlasın. Əgər bunu etdiklərini görsək, onda necə irəliləmək barədə düşünəcəyik ki, problemlərlə qarşılaşmayaq”.

Politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, Ermənistanın yaxın gələcəkdə Avropa Birliyinə üzv qəbul olunacağı ehtimalı hələlik ciddi şübhələr doğurur:

“Ermənistan Avropa Birliyinin standartlarından xeyli uzaqdadır. Avropa Birliyi adətən belə ölkələri öz sıralarına qəbul etməyə tələsmir, çünki bu, qurum üçün əlavə iqtisadi yük yarada bilər. Bu baxımdan Ermənistanın Avropa Birliyinə verə biləcəyi töhfələr kifayət qədər məhdud görünür. 

Bu səbəbdən hazırkı mərhələdə Ermənistanın Avropa Birliyinə üzvlüyü daha çox siyasi proses kimi qiymətləndirilə bilər. Görünən odur ki, Nikol Paşinyan hakimiyyəti bu prosesi həm daxili, həm də xarici siyasi maraqları çərçivəsində aktiv şəkildə istifadə edir. Digər tərəfdən, Avropa Birliyinin də Cənubi Qafqazla bağlı müəyyən strateji maraqları mövcuddur. Bu baxımdan Brüssel Ermənistanla inteqrasiya və yaxınlaşma istiqamətində müəyyən proseslərin davam etməsində maraqlı görünür. Bununla belə, mövcud reallıqlar fonunda Ermənistanın yaxın perspektivdə Avropa Birliyinə tamhüquqlu üzvlüyü inandırıcı görünmür.

Buna baxmayaraq, mövcud situasiya artıq Kremldə ciddi narahatlıq və qıcıq doğurur. Moskva hesab edir ki, Ermənistan Rusiyanın hərbi müttəfiqi olaraq qalmalıdır və eyni zamanda onun Cənubi Qafqazdakı strateji dayaqlarından biridir. Bu səbəbdən Ermənistanın Rusiyanın hərbi-təhlükəsizlik çətirindən kənara çıxması Moskva üçün qəbuledilməz hesab olunur. Son dövrlərdə Rusiyadan səsləndirilən bəzi açıqlamalar və mesajlar da məhz bu narahatlığın ifadəsi kimi qiymətləndirilə bilər.

Rusiyanın əsas arqumentlərindən biri ondan ibarətdir ki, Avropa Birliyi ilə Avrasiya İqtisadi İttifaqına eyni vaxtda inteqrasiya etmək mümkün deyil. Çünki bu iki qurum fərqli iqtisadi modellərə, fərqli fəaliyyət prinsiplərinə malikdir. Ermənistan üçün isə Avrasiya İqtisadi İttifaqı xüsusi əhəmiyyət daşıyır. Ölkənin iqtisadi və ticarət münasibətlərinin böyük hissəsi məhz bu təşkilatın çərçivəsində formalaşır və tənzimlənir”.

Ekspert əlavə edib ki, Kreml məhz bu məqama eyham vurur ki, əgər Ermənistanın mövcud siyasi kursu davam edərsə, ölkənin Avrasiya İqtisadi İttifaqından kənarlaşdırılması ehtimalı gündəmə gələ bilər:

“Bu isə Ermənistanın mövcud iqtisadi-ticarət münasibətləri sistemindən kənarda qalması deməkdir və belə bir senari ölkə üçün ciddi iqtisadi nəticələr doğura bilər.

Rəsmi İrəvan bu risklərin fərqindədir və buna görə də Rusiya ilə münasibətlərdə mümkün qədər ehtiyatlı davranmağa çalışır. Bununla belə, Nikol Paşinyanın son açıqlamaları göstərir ki, Ermənistan rəhbərliyi Moskva ilə münasibətlərə dair yekun qərarını hələ qəbul etməyib.

Əgər Ermənistan rəhbərliyi ölkənin Avropa Birliyinə üzvlüyü üçün uyğun şəraitin formalaşdığını hesab edərsə, bu halda Rusiyanın Ermənistandakı hərbi mövcudluğu ilə bağlı məsələlər də gündəmə gələ bilər. Paşinyan hazırda bu bazanın Ermənistan üçün maneə yaratmadığını bildirsə də, eyni zamanda vurğulayır ki, əgər gələcəkdə həmin hərbi baza Ermənistanın prioritetlərinə əngəl törədərsə, bu məsələ yenidən nəzərdən keçirilə bilər.

Rəsmi İrəvan hələlik bu mövzunu açıq şəkildə qaldırmasa da, Rusiyanın hərbi mövcudluğunun gələcəkdə müzakirə predmetinə çevrilə biləcəyinə artıq müəyyən eyhamlar verir”.