Qərbdən gələn təlimatlar...
Ağ Ev heç zaman Qafqaz siyasətindən vaz keçməyib
"Ceyhun Bayramovla ABŞ rəsmisinin telefon danışığı göstərir ki, rəsmi Bakı öz xarici siyasətində çoxşaxəliliyə əməl edir"
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə telefon danışığı baş tutub. Tərəflər bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında münaqişə sonrası münasibətlərin normallaşdırılması üzrə danışıqların mövcud durumu ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin, bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında münaqişə sonrası münasibətlərin normallaşdırılması üzrə danışıqların mövcud durumu ətrafında fikir mübadiləsi aparıblar.
Donfrid Azərbaycanın 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verməsini, habelə Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməsini müsbət bir hal və münasibətlərin normallaşması istiqamətində irəliləyiş kimi dəyərləndirib. Son günlər Vaşinqtonun həm təkbaşına, həm də Minsk qrupu çərçivəsində Cənubi Qafqazla, Azərbaycan-Ermənistan məsələsi ilə bağlı xüsusi canfəşanlığı hiss olunur. Amerika rəsmilərinin bəyanatları da intensiv hal alıb. Ekspertlərin fikrincə, Amerikanın bölgədəki proseslərə marağının artması müəyyən məqamlarla bağlıdır. Əsas məqsəd Rusiyanı mümkün qədər neytrallaşdırmaq, Moskvanın regionda təkbaşına fəaliyyətinə mane olmaqdır.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə açıqlamasında bildirib ki, Ağ Ev heç zaman Qafqaz siyasətindən vaz keçməyib. Professorun sözlərinə görə, ABŞ-ın xarici siyasət strategiyasında Cənubi Qafqaz mühüm yerə sahibdir:
“Cənubi Qafqaz dünyanın ən önəmli regionlarından birinə çevrilməkdədir. İndiyə kimi bölgədən ancaq Şərq-Qərb dəhlizi keçirdisə, yaxın zamanlarda Şimal-Cənub dəhlizinin də Azərbaycan ərazisindən keçəcəyi bəllidir. Qərb Rusiyanın mühüm nəqliyyat qovşaqlarına sahib bir regionda əsas güc olmasını qətiyyən istəmir. ABŞ-İran münasibətləri kifayət qədər gərgindir. Amerika Gürcüstanı öz nüfuz dairəsində saysa da, Ağ Evin buna tam nail olduğunu demək çətindir. Ona görə də Ermənistanı Kremlin təsir dairəsindən çıxartmağa çalışır. Vaşinqtonun ən ciddi səhvi odur ki, Paşinyan kimi qeyri-dəqiq və yarıtmaz bir siyasətçinin əliylə bölgəyə nüfuz etməyə cəhd göstərir. Paşinyan məhz Amerikanın təsiri ilə Soçi görüşündən sonra yenidən qeyri-müəyyən mövqe sərgiləməyə başlayıb. Təsəvvür edin, baş nazir 3-cü dəfədir ki, üçtərəfli bəyanata imza atır, amma qurduğu hökumətdə təmsil olunan təhlükəsizlik katibi “Zəngəzur dəhlizi açılmamalıdır” açıqlaması ilə çıxış edir. Ermənistanın qeyri-konstruktivliyinin bir səbəbi də Qərbdən gələn təlimatlardır”.
C.Nuriyev vurğulayıb ki, Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla ABŞ rəsmisinin telefon danışığı göstərir ki, rəsmi Bakı öz xarici siyasətində çoxşaxəliliyə əməl edir:
“Xarici siyasətimizdə diversifikasiya çox güclüdür. Ağ Ev də fərqindədir ki, bölgədə açar dövlət və söz sahibi Azərbaycandır. Vaşinqtonun fəallığı bununla bağlıdır. Lakin Amerika yenə də Azərbaycana haqsız mövqedən yanaşır. Uzun müddət ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan ABŞ yenidən üçlü vasitəçilikdən, “status” məsələsindən danışmağa başlayıb. Əlbəttə, belə mövqe sərgiləmək Amerikaya baş ucalığı gətirmir. Ağ Evin rəsmi Bakı ilə səmimi olduğuna o zaman inanarıq ki, 907-ci düzəlişi aradan qaldırar və ədalətli yanaşma ortaya qoyar. Ağ Evin indiki aktivliyi bölgədə öz maraqlarını təmin etməklə yanaşı, Rusiya-Azərbaycan əlaqələrini korlamağa hesablanıb”.