Avropa Parlamenti yenidən ölkəmizə qarşı qərəzli və reallığı əks etdirməyən bir qətnamə qəbul edib. Ümumilikdə, Avropa Parlamenti tərəfindən qəbul edilən bu sənədin ciddi hüquqi əhəmiyyəti yoxdur və beynəlxalq hüququn prinsipləri ilə uzlaşmır. Azərbaycanın bu qurum qarşısında hər hansı öhdəliyi mövcud deyil və Avropa İttifaqının qanunverici orqanının üzv olmayan ölkə barədə belə qərarlar çıxarmaq səlahiyyəti yoxdur. Qətnamənin hazırlanmasında fəal rol oynayan qüvvələr isə həm ictimaiyyətə, həm də bu qurumun rəhbərliyinə yaxşı məlumdur. Uzun illərdir ki, Avropa Parlamenti müxtəlif erməni təşkilatlarının təsiri altında fəaliyyət göstərən və korrupsiya qalmaqalları ilə yadda qalan bir quruma çevrilib. Bir neçə il əvvəl təşkilat rəhbərliyi və bəzi deputatların rüşvət ittihamı ilə həbs olunması bu reallığı açıq şəkildə ortaya qoydu.
2020-ci ildən etibarən Avropa Parlamenti Azərbaycana qarşı ondan artıq bu cür qərəzli sənəd qəbul edib. Avropalı deputatlar Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş, ölkə ərazisində separatizm və terror fəaliyyəti ilə məşğul olduqlarına görə məhkum edilmiş şəxsləri “müharibə əsiri” və ya “siyasi məhbus” kimi təqdim edirlər. Qətnamədə Qarabağdan ermənilərin zorla çıxarılması və dini abidələrin dağıdılması ilə bağlı səsləndirilən iddialar isə siyasi manipulyasiya nümunəsidir. Halbuki, 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan qüvvələr şəhər və kəndləri viran qoymuş, məscidləri təhqir edərək dağıtmışdılar. Bu faktları bölgəyə səfər edən xarici diplomatlar, siyasətçilər və jurnalistlər də öz gözləri ilə müşahidə etmişdilər. Buna baxmayaraq, nə Avropa Parlamenti, nə də digər Avropa qurumları bu vandalizmi pisləyən ciddi addım atmadı.
Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir, tarixi və dini abidələr yenidən bərpa olunur. Lakin Avropa Parlamenti bu reallıqları görməzdən gəlir. Bunun səbəbi isə regionda yaranan yeni sülh və sabitlik mühitinə qarşı olan bəzi qüvvələrin maraqları ilə bağlıdır.
İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və separatizmə son qoyması bəzi dairələr tərəfindən qəbul olunmayacaq və bu səbəbdən ölkəmizə qarşı təzyiqlər davam edəcək. Məhz ölkə rəhbərliyinin qətiyyətli siyasəti nəticəsində Cənubi Qafqazda yeni reallıq formalaşıb. Vaşinqtonda əldə olunmuş razılaşmalar əsasında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivi daha da yaxınlaşıb. Bu prosesin beynəlxalq səviyyədə dəstəklənməsi isə anti-Azərbaycan mövqedə olan qüvvələri ciddi şəkildə narahat edir. Buna baxmayaraq, Azərbaycan dövləti istənilən təzyiqə qarşı siyasi, diplomatik və parlament müstəvisində adekvat cavab verməkdə davam edir.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor