"Tərəflərin müəyyən mərhələdə yenidən seçki və ya qurultay formuluna yönəlməsi ehtimalı yüksəkdir"
Türkiyənin ana müxalifət partiyası olan CHP-də baş verən son hadisələr partiyadaxili fikir ayrılıqlarını daha da dərinləşdirib. Məhkəmə qərarları, rəhbərlik uğrunda mübarizə və rəqəmsal platformalar üzərində nəzarət savaşı böhranı institusional qarşıdurma mərhələsinə daşıyıb. Mövcud proseslər CHP daxilində güc balansının yenidən formalaşdığını göstərir.
Belə ki, məhkəmə qərarı ilə Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri vəzifəsindən uzaqlaşdırılan Özgür Özəl və komandası partiyanın rəsmi sosial media hesablarını təhvil verməkdən imtina edib.
Məlumata görə, CHP-nin “X” platformasında 2,8 milyon, “Facebook”da 1,9 milyon, “Instagram”da isə 1,3 milyon izləyicisi olan rəsmi hesablarının idarəetməsi hələ də Özgür Özəl komandasının nəzarətindədir.
Kamal Kılıçdaroğlunun komandası sosial media hesablarının təhvil verilməsi üçün platformaların ABŞ-də yerləşən mərkəzi ofislərinə rəsmi müraciət ünvanlayıb.
Beynəlxalq Münasibətlər və Siyasət üzrə Mütəxəssis Dr. Burcu Dəmir Sherg.az-a CHP daxilində baş verən proseslərdən danışıb:
"Hazırda görünən mənzərə budur ki, CHP daxilindəki böhran artıq sadəcə “ümumi sədr” məsələsi deyil. Böhran partiyanın təşkilatı, Milli Məclis qrupu, maliyyə strukturu və rəqəmsal kommunikasiya sahəsinə yayılan çoxqatlı güc mübarizəsinə çevrilib. Məhkəmənin “mütləq etibarsızlıq” qərarından sonra Kemal Kılıçdaroğlu və komandası hüquqi legitimlik iddiasını, Özgür Özel və komandası isə təşkilati dəstəyi önə çəkir".
Analitik bildirib ki, sosial media hesablarının təhvil verilməməsi simvolik baxımdan çox ciddi məsələdir:
"Bu gün siyasi partiyalarda rəqəmsal hesablar faktiki olaraq “ictimai legitimlik sahəsi” kimi qəbul olunur. Hesabı kim idarə edirsə, seçici bazasına səslənən tərəf də böyük ölçüdə o olur. Bu səbəbdən tərəflərin platforma şirkətlərinə rəsmi müraciət etməsi əslində çox da təəccüblü deyil".
Ekspert vurğulqyıb ki, qısa müddətdə gərginliyin azalacağı gözlənilmir:
"Uzunmüddətli parçalanma CHP-yə siyasi baxımdan ciddi itkilər yaradacaq. Buna görə də tərəflərin müəyyən mərhələdə yenidən seçki və ya qurultay formuluna yönəlməsi ehtimalı yüksəkdir".