CHP-də tarixi parçalanma: Kılıçdaroğlu qərargahda, Özgür Özəl küçədə

Türkiyənin ana müxalifət partiyası olan CHP-də məhkəmə qərarından sonra yaranan rəhbərlik böhranı yeni mərhələyə keçib.

Bu gün Ankarada eyni saatda keçirilən iki ayrı bayramlaşma tədbiri partiyadakı parçalanmanı açıq şəkildə nümayiş etdirib.

Məhkəmə qərarı ilə yenidən CHP sədri vəzifəsinə qaytarılan Kamal Kılıçdaroğlu 2 il yarımdan sonra ilk dəfə partiyanın Baş Qərargahına gəlib. Onun burada toplaşan tərəfdarlarına müraciət edəcəyi gözlənilir.

Kılıçdaroğlunun qərargaha dönüşü münasibətilə bina və ətrafında geniş hazırlıq işləri görülüb. Baş qərargahın fasadına onun şəkli əks olunan və üzərində “İndi təmizlənmə zamanıdır” şüarı yazılmış nəhəng plakat asılıb. Ərazidə səhnə, nəhəng ekranlar və səs sistemi quraşdırılıb.

Tədbirə gələn partiya üzvləri “Xalqın ümidi Kılıçdaroğlu”, “Haqq, hüquq, ədalət” və “Bu daha başlanğıcdır, mübarizə davam edir” kimi şüarlar səsləndiriblər.

Məlumata görə, Kılıçdaroğlu çıxışında partiya qurultayı ətrafında baş verən proseslərə toxunacaq. O, daha əvvəl “Bilmədiyiniz çox şeylər var, hamısını danışacağam” bəyanatı ilə diqqət çəkmişdi. Həmçinin onun çıxış zamanı şair Nazım Hikmətin “Yürümək” şeirinə istinad etməsi və çıxışdan sonra ağ göyərçinlər buraxması gözlənilir.

Digər tərəfdən, məhkəmə qərarı ilə vəzifəsindən uzaqlaşdırılan Özgür Özəl də eyni saatda Ankaranın Güvənpark ərazisində, CHP Ankara İl Təşkilatının qarşısında tərəfdarları ilə görüş keçirib.

Özəlin komandası tərəfindən yayılan çağırışda belə deyilib:

“Məqamlar sizin, küçələr, parklar və meydanlar bizimdir. Seçilmiş sədrimiz Özgür Özəl təşkilatımız, partiya üzvlərimiz və vətəndaşlarla bayramlaşır”.

Özəl çıxışında CHP-də artıq iki fərqli siyasi xəttin formalaşdığını iddia edərək bildirib:

“Bir tərəfdə seçilmiş CHP, digər tərəfdə təyin olunmuş CHP var. Bir tərəfdə qalib gələn CHP, digər tərəfdə məğlub olan CHP var”.

Beləliklə, CHP-də eyni gündə və eyni saatda keçirilən iki ayrı tədbir partiyadakı liderlik mübarizəsinin və daxili qarşıdurmanın nə qədər dərinləşdiyini bir daha ortaya qoyub. Ankarada bütün diqqətlər hər iki liderin verəcəyi mesajlara və partiyanın gələcək taleyinə yönəlib.