İnvestisiya yol tikintisinə yox, ictimai nəqliyyata qoyulmalıdır
İctimai nəqliyyatın inkişafı təkcə o demək deyil ki təzə avtobuslar olsun və bu avtobuslar, həmçinin metro da vaxtlı-vaxtında, gecikmə olmadan işləsin. İctimai nəqliyyatın inkişaf etdiyi şəhərlər rahat hərəkətlə yanaşı, həm də iqtisadi inkişaf, ekoloji dayanıqlılıq və yüksək həyat keyfiyyəti deməkdir.
Bu fikirlər nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyevə məxsusdur. Mütəxəssis “Sherg.az”a açıqlamasında Avropa və Asiyanın bir neçə şəhərini missal çəkərək ictimai nəqliyyatın keyfiyyəti haqda məlumat verdi: 
- Asiya və Avropanın bir sıra şəhərləri bu sahədə nümunə hesab olunur. Məsələn, Tokio, Seul, Sinqapur, Honq Konq, Şanxay, eləcə də Vyana, Sürix, Berlin, Praqa, Kopenhagen. Bu şəhərləri fərqləndirən əsas xüsusiyyətlər odur ki, metro, avtobus, tramvay və şəhərətrafı qatarlar vahid sistem kimi işləyir. Rahat və sürətli transfer imkanları var. Vahid ödəniş və rəqəmsal xidmətlər, yüksək hərəkət tezliyi və dəqiqlik, şəxsi avtomobilə real alternativ yaradır və insanlar ictimai nəqliyyatın üstünlüklərindən faydalanır, şəxsi avtomobillərindən yalnız zəruri hallarda istifadə edirlər. Dünya təcrübəsi göstərir ki, şəhərlərdə tıxaclarla mübarizənin ən effektiv yolu yeni yollar tikməkdən daha çox, keyfiyyətli və əlçatan ictimai nəqliyyata investisiya qoymaqdır. İctimai nəqliyyat nə qədər rahat və etibarlı olarsa, sakinlərin onu seçmək ehtimalı da bir o qədər yüksək olar.