
Rusiyanın anti-Azərbaycan siyasəti iflasa uğrayacaq - ŞƏRH
Müstəqil siyasət Azərbaycanın iqtisadi və siyasi təhlükəsizliyini möhkəmləndirir
Rusiyanın Odessada SOCAR-a məxsus neft bazasına dron hücumu regionda sülhə qarşı açıq təhdid kimi qiymətləndirilməlidir. Bu hadisə təkcə iqtisadi obyektə zərbə deyil, həm də Moskvanın imperialist ambisiyalarının davamlılığının göstəricisidir.
Rusiya artıq beynəlxalq münasibətlərdə vasitəçi və ya arbitr imicindən uzaqlaşaraq, daha çox təzyiq və zor vasitəsilə maraqlarını reallaşdırmağa çalışır.
SOCAR kimi strateji əhəmiyyətli bir quruma hücum etmək, Moskvanın Azərbaycanla münasibətlərə sadiq qalmadığını və “dostluq” ritorikasının arxasında başqa niyyətlərin gizləndiyini ortaya qoyur.
Siyasi ekspertlərin fikrincə, Rusiya Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərini qəsdən hədəf seçib. Kreml Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığından narahatdır, bunu əngəllməyə çalışır. Ancaq SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinin hədəf alınmasının Kreml üçün əks-effekti olacaq. Azərbaycan Kremlin bu şantajı qarşılığında Ukrayna ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcək.
Rəsmi Bakı Kremli xəbərdar etmişdi ki, Rusiya növbəti dəfə də SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinə zərbə endirsə, Azərbaycan Ukraynaya silah və hərbi texnika yardımına qoyduğu embarqonu ortadan qaldıra bilər. Kreml rəsmi Bakının xəbərdarlığını nəzərə almayaraq SOCAR-ın yanacaq mərkəzinə yenə zərbə endirmək qərarını veribsə, belə olan halda Azərbaycan Ukrayna ilə hərbi sahədə də əməkdaşlıq mövzusunu müzakirəyə çıxara bilər.
Xatırladaq ki, Ukraynada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsi PUA ilə vurulub. Ukrayna mediasının məlumatına görə, Rusiya ordusu avqustun 18-də 25-dən çox PUA ilə Odessaya hücum edib. Məlumata görə, İran istehsallı "Şahed" zərbə PUA-larından biri şəhərdəki SOCAR-ın işlək yanacaqdoldurma məntəqəsinə zərbə endirib. Xəbərdə obyektə böyük zərrə dəydiyi qeyd olunub. Xatırladaq ki, Rusiya bundan əvvəl Ukraynada Azərbaycan qazının ötürüldüyü paylayıcı stansiyanı vurmuşdu. ABŞ-də səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski SOCAR-ın "zapravka"sının vurulmasının məqsədli olduğunu deyib.
Zelenski Rusiyanın bununla Ukrayna ilə Azərbaycan müttəfiqliyini hədəf aldığını bildirib.

Rusiyanın Odessada SOCAR-ın neft bazasına növbəti hücumunu şərh edən Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında deyib ki, son aylarda yaşanan hadisələr Kremlin Azərbaycana qarşı məqsədyönlü düşmənçilik siyasətinin göstəricisidir.
Onun fikrincə, region ölkələrinin müstəqil xarici siyasət kursu Kreml üçün qəbuledilməz haldır:
“Azərbaycanın regional və beynəlxalq siyasətdə özünü müstəqil aktor kimi təsdiqlədiyini vurğulayıb. Türkiyə ilə koordinasiyalı fəaliyyət, hərbi, siyasi və iqtisadi sahələrdə strateji müttəfiqlik Kreml üçün balansın dəyişməsi deməkdir. Ermənistanla birbaşa ikitərəfli danışıqlar Moskvanın vasitəçilik monopoliyasını zəiflədib, onu regiondakı əsas arbitr rolundan kənarlaşdırıb. Qərblə enerji və təhlükəsizlik əməkdaşlığı Azərbaycanın Rusiya orbitindən çıxması istiqamətində mühüm addım kimi dəyərləndirilir. Rusiyanın məqsədi Azərbaycanı öz təsir dairəsində saxlamaqdan ibarətdir. Moskva, Azərbaycanın Ukrayna müharibəsində neytrallığını qəbul etmək istəmir, onu Belarus kimi açıq dəstək mövqeyinə çəkməyə çalışır.
Bu isə birmənalı olaraq Azərbaycanın milli və dövlət maraqlarına ziddir. Balanslaşdırılmış siyasət ölkəmizin beynəlxalq mövqelərinin əsasını təşkil edir. Rusiya Azərbaycanı regional vassal kimi görmək istəyir, halbuki Bakı çoxvektorlu siyasət yürütməklə həm Qərb, həm də Şərq ilə münasibətləri tarazlaşdırır".
Moskvanın Azərbaycanı təzyiq altında saxlamaq üçün müxtəlif vasitələrdən istifadə etdiyini vurğulayan M.Əsədullazadə qeyd edib ki, AZAL təyyarəsinin vurulması diplomatik gərginliyi artırmaq və təhlükəsizlik siqnalı göndərmək məqsədi daşıyırdı.
Ukrayna ərazisindəki SOCAR anbarlarının və yanacaqdoldurma məntəqələrinin, neft bazalarının vaxtaşırı vurulması isə Azərbaycana iqtisadi ziyan vurmaq, guya bizi "cəza"landırmaq planının tərkib hissəsidir və birbaşa bizə qarşı yönəlmiş düşmənçilik siyasətidir: "Rusiya regionu özünün "xüsusi təsir zonası" kimi görür, Azərbaycanın müstəqil siyasət yeritməsi isə onun bütün planlarını pozur. Cənubi Qafqaz ölkələrini öz vassalı kimi görmək arzusu Rusiyanın bu bölgədən tamamilə sıxışdırılmasına səbəb oldu. Halbuki region ölkələri müstəqil siyasət yeritmək və Rusiya ilə qarşılıqlı əməkdaş etmək istəyirdilər. Bu prosesdə Qərb dövlətləri və Türkiyə regionda alternativ təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini gücləndirir. Fikrimcə, Rusiya təzyiq taktikasını davam etdirəcək, lakin hər zaman olduğu kimi Rusiyanın anti-Azərbaycan siyasəti iflasa uğrayacaq.
Azərbaycan müstəqil siyasət apararaq həm iqtisadi təhlükəsizliyini, həm də siyasi müstəqilliyini möhkəmləndirir".