“Vaşinqton dünya neft və qaz daşımalarının 25 faizinə nəzarət etməyə çalışır”
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ətrafında yaranan mübahisə fonunda Omanın mövqeyini sərt tənqid edib. Belə ki, Tramp Ağ Evdə keçirilən kabinet iclasında Hörmüz boğazının hamı üçün açıq qalmalı olduğunu bildirib. Onun sözlərinə görə, bu su yolu beynəlxalq əhəmiyyət daşıyır və heç bir ölkə onun üzərində nəzarət qurmağa çalışmamalıdır. Trampın sərt bəyanatı ABŞ-la Oman arasında yeni diplomatik gərginlik yaradıb.
Politoloq Azad Məsiyev Sherg.az-a bildirib ki, Hörmüz boğazında yaranmış vəziyyətin əsas səbəbkarı nə İran, nə də Omandır:
"Amerika Birləşmiş Ştatları və İsrail İranda hərbi əməliyyatlara başlamazdan əvvəl Hörmüz boğazında heç bir problem yox idi və gəmilər maneəsiz hərəkət edirdi. Amerika Birləşmiş Ştatlarının İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində İran özünü müdafiə etmək məqsədilə Hörmüz boğazında müəyyən məhdudiyyətlər tətbiq etməyə başladı və gəmilərin hərəkətinə maneələr yarandı. Beləliklə, ABŞ-nin İrana qarşı apardığı hərbi əməliyyatlar Hörmüz boğazında gərginlik və xaosun yaranmasına səbəb oldu.
Deməli, Hörmüz boğazında yaranmış vəziyyətin əsas səbəbkarı nə İran, nə də Omandır. Burada əsas məsələ ABŞ-nin niyə məhz belə bir mövqedən çıxış etməsidir.
Bu məsələdə iki əsas prinsip mövcuddur. Birincisi, ABŞ Prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, Hörmüz boğazına ABŞ nəzarət etməli və bölgənin təhlükəsizliyini Amerika hərbi-dəniz qüvvələri təmin etməlidir.
Burada məqsəd ondan ibarətdir ki, ABŞ Hörmüz boğazına tam nəzarət əldə etdiyi halda dünya enerji daşımalarının təxminən 20-25 faizini tənzimləmək imkanına sahib olacaq.
Dünya üzrə neft və qaz daşımalarının mühüm hissəsi məhz bu boğazdan keçir. Hörmüz boğazı ABŞ-nin nəzarətinə keçəcəyi təqdirdə, Vaşinqton dünya iqtisadiyyatına ciddi təsir imkanları əldə etmiş olacaq.
Ümumilikdə, ABŞ-nin İrana qarşı apardığı hərbi əməliyyatlar fiaskoya uğradıqdan və bu əməliyyatlar nəticəsində Amerikanın beynəlxalq imicinə ciddi zərbə dəydikdən sonra Donald Tramp yeni taktiki gedişlə həmin imici bərpa etməyə çalışır".
Analitik qeyd edib ki, məqsəd Hörmüz boğazına neytral status verilməsi ideyası vasitəsilə ABŞ-nin guya bölgədə yaranmış vəziyyətin ədalətli həllinə çalışdığını nümayiş etdirməkdir:
"ABŞ Hörmüz boğazını öz nəzarətinə keçirməklə dünya iqtisadi sisteminə təsir imkanlarını artırmağı planlaşdırır.
Çünki ABŞ Prezidenti Amerika imperatorluğunun strateji planlarını həyata keçirmək üçün bu cür addımlar atır. Həmin imperatorluğa təhlükə yaradan əsas amillərdən biri iqtisadi baxımdan Çindir. Çin iqtisadi gücü ilə ABŞ üçün rəqibə çevrilib. Avropa isə maliyyə sahəsində, xüsusilə avronun mövqeyi baxımından ABŞ üçün müəyyən çağırışlar yaradır.
Bu səbəbdən ABŞ dünya enerji marşrutlarını öz nəzarətinə almaqla qlobal iqtisadi sistemə təsir imkanlarını genişləndirmək istəyir. Lakin Oman və İranın bu məsələdə prinsipial mövqe nümayiş etdirməsi bu planların həyata keçirilməsini çətinləşdirir.
Bu baxımdan ABŞ-nin guya Hörmüz boğazını azad və neytral zona kimi təqdim etmək cəhdləri də həmin siyasətin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Əgər ABŞ İranda hərbi əməliyyatlara başlamasaydı, Hörmüz boğazında da bu cür gərginlik yaranmazdı.
Beləliklə, ABŞ-nin avantürist siyasəti nəticəsində Hörmüz boğazında gərginlik meydana gəlib".
Ekspertin sözlərinə görə ABŞ Hörmüz boğazına nəzarət əldə etdiyi halda Avropa iqtisadiyyatına da müxtəlif formalarda təsir göstərəcək:
"Avro ABŞ üçün müəyyən iqtisadi rəqabət amilidir. Bu baxımdan, Avropa iqtisadiyyatının zəifləməsi avronun beynəlxalq maliyyə sistemindəki roluna mənfi təsir göstərə və dolların mövqeyini daha da gücləndirə bilər.
Bu səbəbdən Trampın həyata keçirdiyi işğalçılıq siyasəti Amerika imperatorluğunun strateji planlarının bir hissəsi kimi təqdim olunur.
Hesab edirəm ki, yaranmış vəziyyət ABŞ-nin dünyada yaratdığı hərbi xaos, beynəlxalq hüququn pozulması və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin kobud şəkildə tapdalanması ilə bağlıdır.
Nə qədər ki, ABŞ beynəlxalq hüquq normalarına uyğun davranmayacaq, dünyada bu cür gərginlik və xaos halları davam edəcək".