Trampın Venesueladan sonra İrana hərbi müdaxilə ehtimalı yüksəlib - ŞƏRH

Artıq ABŞ İranda gedən mitinqlərə hakimiyyətin silahlı müdaxilə edəcəyi təqdirdə etirazçıları müdafiə edəcəyini bildirib

ABŞ-ın Venesuelada Prezident Nikolas Maduronun devrilməsi ilə nəticələnən mümkün hərbi müdaxiləsi qlobal geosiyasi balansda gözlənilməz nəticələr yarada bilər. Beynəlxalq siyasi şərhçilərin fikrincə, bu addım Vaşinqtonun rəqibləri olan Rusiya və Çin üçün paradoksal şəkildə “strateji hədiyyə” rolunu oynaya bilər. Beynəlxalq siyasi şərhçi Adrian Blomfeld “Telegraf” hesabında qeyd edib ki, Moskva və Pekin Latın Amerikasında əsas müttəfiqini itirmiş olsalar da, potensial olaraq qlobal miqyasda daha əhəmiyyətli bir şey qazanıblar.

Şərhçi bildirib ki, Moskva və Pekin bu hadisələri bir fürsət kimi qəbul edə bilərlər. Bir tərəfdən Tramp qlobal səhnədə güc tətbiq etmək əzmini nümayiş etdirib, digər tərəfdən isə hadisələr Trampın açıq şəkildə Amerika təsir zonası adlandırdığı Latın Amerikasında baş verib: “Yəni Maduronun devrilməsi Tramp üçün qlobal geosiyasətdə iştirak etmək əvəzinə “evə” fokuslanmaq istəyini göstərən bir addım kimi qiymətləndirilə bilər. Bu kontekstdə Moskva və Pekin beynəlxalq arenada özlərini əngəllənmiş deyil, əksinə, təşviq edilmiş hiss edə bilərlər. Hərçənd Rusiya və Çin Venesuelada strateji əhəmiyyətə malik neft ehtiyatlarına çıxışlarını itirəcəklər, amma bu, onların Latın Amerikasının digər ölkələrinə daha geniş yollar açması deməkdir. Bu regionda ABŞ-ın addımları isə ciddi şəkildə mənfi qarşılanıb”.Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Vüqar Dadaşov “Sherg.az”a bildirib ki, Venesuelada son dövrdə baş verən hadisələr təkcə bir ölkənin daxili siyasi böhranı kimi deyil, qlobal güc balansında baş verən struktur dəyişikliklərin regional təzahürü kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, ABŞ-ın əvvəlki illərlə müqayisədə daha açıq və sərt davranışı, Rusiya Federasiyasının proseslərə passiv reaksiyası və Çinin ehtiyatlı mövqeyi bu hadisəni klassik regional böhran çərçivəsindən çıxararaq böyük güclər rəqabətinin yeni mərhələsinə daşıyır:

“Amerika Birləşmiş Ştatlarının Venesuela ərazisində həyata keçirdiyi hərbi əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduronun tutularaq ABŞ-a aparılması və ilkin məlumatlara görə mühakimə olunacağı xəbərlərindən sonra belə bir versiya dövriyyəyə buraxıldı ki, guya ABŞ, Rusiya və Çin Amerika qitəsində əsas müttəfiqlərindən biri olan Venesuelada Nikolas Maduronun hakimiyyətdən getməsini Rusiyanın Ukraynanı, ABŞ Venesuelanı, Çin isə Tayvanı "götürməsi" şərti ilə aralarında razılaşıblar. Ancaq faktların analizi və proseslərin ardıcıllığı göstərir ki, Rusiya və Çinin ABŞ-la Venesuela ilə bağlı razılaşması mümkün deyil. Əvvəla qeyd edək ki, ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra ilk açıqlamalarından biri Venesuelanın təbii ehtiyatları və torpaqları ilə bağlı açıq mesajlar verməsi idi. Nəzərə alsaq ki, Rusiya Venesuelada təkcə siyasi deyil, eyni zamanda hərbi mövcudluq nümayiş etdirir və bu ölkədən ABŞ-a qarşı təzyiq platforması kimi istifadə edirdi, bu halda isə Tramp administrasiyası ilə Venesuela ilə bağlı razılaşmanın mümkünsüz olduğunu göstərir.

Digər tərəfdən, Venesuelada Rusiya həm siyasi, həm diplomatik, həm də hərbi baxımdan məğlub vəziyyətə düşür, bu da Rusiyanın qlobal güc imicinə ciddi zərbədir. Əgər Rusiya Venesuelada prezident Maduronun təhlükədə olduğunu hiss etsəydi, onun da Askar Akayev, Viktor Yanukoviç, Bəşər Əsəd və sair kimi Rusiya ərazisinə köçürməklə təhlükəsizliyini təmin edərdi. Bu, eyni zamanda Rusiyanın müttəfiq liderlərə qarşı sadiqlik və beynəlxalq aləmdə etibarlılıq imici siyasətidir. Bəzi məlumatlara görə isə Tramp əməliyyatdan əvvəl Maduroya Türkiyəyə sığınmağı təklif edib. Keçən ilin oktyabrında ABŞ prezidenti Donald Tramp müvafiq sərəncam imzalayaraq Ukraynanın Rusiyanın daxilinə, ən əsası neft infrastrukturunun, neft emalı zavodlarının və kəmərlərinin vurulmasına rəsmi dəstək verib. Həmçinin həmin sərəncamla Ukraynanın Rusiyadan Çinə neft və qaz ixrac kəmərlərinə də zərbələr istisna edilmir və çox ehtimalla Çinə gedən neft kəmərlərinə də zərbələrin endirilməsi müşahidə olacaq”.

V. Dadaşovun sözlərinə görə, Rusiya ilə yanaşı, Çin Venesuelaya müttəfiqlik səviyyəsində siyasi-diplomatik, hərbi və texnoloji dəstək verir, öz iqtisadiyyatının güclü inkişafı üçün Venesuela neftindən ucuz xammal kimi istifadə edərək ABŞ ilə real rəqabət aparır. Venesuelada Maduron hakimiyyətinin devrilməsindən sonra Çinin də regional və qlobal hərbi-siyasi nüfuzunun və iqtisadi potensialının ciddi şəkildə zədələndiyi görünür: “ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat və prezident Maduronun həbsi beynəlxalq hüququn iflasıdır və heç bir ittihamla buna haqq qazandırmaq mümkün deyil. Donald Trampın Venesuela əməliyyatından sonra İrana hərbi müdaxilə ehtimalı yüksəlib. Artıq ABŞ İranda gedən mitinqlərə hakimiyyətin silahlı müdaxilə edəcəyi təqdirdə etirazçıları müdafiə edəcəyini bildirib. ABŞ üçün Qrelandiya da əsas hərbi hədəflərdəndir. Ancaq, ABŞ-ın Danimarka ilə Qrenlandiya məsələsində ortaq razılaşması mümkündür. Panama və Kolumbiya ilə Tramp administrasiyasının güclə danışmaq istəyi isə açıqdır.

ABŞ-ın Venesueladakı əməliyyatından sonra Çinin də Tayvanı özünə tabe etmək üçün hərbi əməliyyat keçirmək ehtimalı artıb. Ancaq bu, ABŞ-la razılaşmadan irəli gələ bilməz. Əgər Çin bu əməliyyata gedərsə, ABŞ-la rəqabətdə güc və imkanını sübut edə bilər. Təbii ki, Çin ABŞ üçün birinci əlçatmaz rəqib olaraq qalır”.

Siyasi şərhçi qeyd edib ki, Rusiyadan, Venesueladan və İrandan Çinə gedən enerji daşıyıcılarının üçündən hələ ki, iki təchizatın kəsilməsi ehtimalı Çinin ABŞ loyalığına təsir edə bilər: “Yəni, İrandan da Çinə enerjidaşıyıcılarının ixracının dayandırılması zaman məsələsidir. Onu da deyim ki, İran, Rusiya və Çin ABŞ-ın Venesuelada keçirdiyi əməliyyatı pisləyən bəyanatla çıxış edib”.