Azərbaycan Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Dəyişikliklə “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nda səhiyyə, rifah və xidmət ixtisasları qrupuna yeni ixtisas əlavə olunub. Həmin ixtisas optometriyadır. Optometriya, gözlərin və əlaqəli strukturların qüsur və ya anormallıqlar üçün müayinəsini əhatə edən ixtisaslaşmış bir sağlamlıq peşəsidir. Optometristlər adətən hərtərəfli ilkin göz baxımı təmin edən səhiyyə mütəxəssisləridir. Onlar göz sahəsində ixtisaslaşmış, göz xəstəlikləri olan xəstələrin görmə keyfiyyətini yaxşılaşdırmaq üçün çalışan tibb işçiləridir. Optometrist peşəsi oftalmoloqla qarışdırılır. Halbuki ikisi çox fərqli peşələrdir. Optometristlər həm də xəstələrə kontakt linzaları və eynəkləri tövsiyə etmək və satmaq hüququ olan insanlardır. Optometristlər çox vaxt özəl praktikada işləməyə üstünlük verirlər. Optometristlərin əsas vəzifəsi görmə keyfiyyətini yaxşılaşdırmaqdır. Lakin onların vəzifələri bununla məhdudlaşmır.
Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hazırda ölkənin 51 ali təhsil müəssisəsində 187 min, 54 orta ixtisas təhsili müəssisəsi – kolleclərdə 50 min, peşə təhsili müəssisələrində isə 45 minə yaxın tələbə təhsil alır və kadr hazırlığı həyata keçirilir:
- Bu tədris müəssisələri əmək bazarının müxtəlif pillərinə uyğun kadr hazırlığı həyata keçirir. Müasir dövrün tələblərinə uyğun, müasir çağırışlarla ayaqlaşmaq üçünsə ixtisaslarda mütəmadi dəyişikliklər edilir və edilməlidir. 2030-cu ildə elə ixtisaslar olacaq ki, o sahələr üzrə biz indidən kadr hazırlığına başlamalıyıq ki, kadr qıtlığı yaşanmasın. Hazırda elə xidmət sahələri var ki, orada insanlar çalışır, işləyirlər, amma o sahə üzrə təhsilləri yoxdur. Məsələn, müalicə masajı. Elə bir zamandır ki, çox insan bu xidmətdən istifadə edir, yararlanmaq istəyir, baxırsan gözəllik salonu, masaj salonu, fitnes mərkəzləri, sağlamlıq mərkəzləridir, masajçılar var. Amma onların bu sahə üzrə təhsilləri varmı, əksəriyyətində yoxdur. Çoxu hardansa sertifikat əldə edir, bilinmir, nə sertifikatdır, kim, hansı müəssisə verib, divardan asılır, bununla müştəriləri cəlb edirlər, lakin işlədikləri sahə, göstərdikləri xidmət üzrə heç bir təhsilləri, bilikləri yoxdur. Kimdənsə öyrəniblər, sadəcə. Belə sahələr üzrə kadrlar peşə məktəblərində hazırlanmalıdır. Elə sahələr var, orada ixtisaslı kadrların çalışması vacibdir. Laborant-mikrobiloq ixtisası üzrə kadrlar ali məktəbdə hazırlanmalıdır. Amma qan analizinin alınması, analiz cavablarının aidiyyəti üzrə yönləndirilməsi işlərində kollec tələbələri, orta ixtisas təhsili müəssisəsini bitirmiş şəxslər işləməlidir. Əmək bazarının tələbinə uyğun, kadrlar bacarıqlar üzrə hazırlanmalıdır . Deyək ki turizm işi, hətta stomatoloq da orta ixtisas müəssisəsində hazırlana bilər. Akademik bilik və bacarıqların tələb olunduğu sahələr və ixtisaslar üzrə kadr hazırlığı ali təhsil müəssisələrində aparılmalıdır. Çox vaxt görürük, apteklərdə işləyirlər, amma təhsl almayıblar. Halbuki müştəriyə dərman preparatları barədə tövsiyə verirlər. Eynək təyin edirlər. Kimlərsə diş kabinetlərində ortopedik stomatologiya həyata keçirir. İnsanların səhhətinə birbaşa təsir göstərəcək peşələrdə təhsilsiz işçi olmamalıdır. Uyğun sahə üzrə təhsil almamış şəxs kiməsə eynək təyin edir, bir müddət sonra insanın görmə qabiliyyəti daha da zəifləyir. İndi çoxdur belə yerlər. “Optika - gözün pulsuz müayinəsi” yazılır, müraciət edənə eynək aldırmamış əl çəkmirlər. Belə yerlərdə mütləq ixtisaslı kadrlar çalışmalıdır. Son illərdə peşə təhsilində, orta ixtisas təhsili müəssisələrində inkişaf var, müəyyən irəliləyiş görünür. Lakin hələ də peşə məktəblərimiz ixtisaslı kadrlar hazırlanmmasında lazımi səviyyədə deyil. Texniki baza zəifdir. Orta ixtisas təhsili müəssisələrinin, peşə məktəblərinin keyfiyyəti artırılmalıdır. Peşə məktəblərində ixtisaslar çoxdur, amma səhiyyə sahəsi üzrə ixtisaslaşmayıblar. Peşə məktəbi daha çevik kadr hazırlayan müəssisə olmalıdır. Son dövrlər tibbi ixtisaslara ehtiyac artdığından optometriya ixtisası əlavə edilir. Amma düşünürəm ki, pul qazanmaq xətrinə tibb ixtisaslarını daxil etməməliyik. Ölkədə adambaşına düşən həkim sayı azdır. Lakin bu, əsas vermir ki, tibb ixtisasları orta ixtisas təhsili üzrə ixtisaslar sırasına əlavə edilsin. Qəbul imtahanlarında 400-500 bal toplayanlar tibb ixtisasları üzrə kadr hazırlığına cəlb edilməlidir, 120 və 100 baldan aşağı bal toplayanlar deyil. Çünki bu ixtisaslar birbaşa insanların sağlamlığına yönəlir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə “Sherg.az”a açıqlamasında bildirdi ki, dünyada təcili və təxirəsalınmaz yardım üzrə yarım illik, 1illik kurslar vasitəsilə kadrlar hazırlanır:
- Həkiməqədərki təcili tibbi yardım, xilasedicilər adi kurslarda qısa müddətli təhsil almaqla müəyyən təcrübə qazanır və vərdişlərə yiyələnirlər. Həkiməqədərki yardım, xilasedici peşəsi konkret vərdişlər sayəsində əldə olunan bacarıqlardır. Bu cür ixtisaslara yiyələnmək üçün ali məktəbdə təhsil almağa ehtiyac yoxdur. Bəlli bir savada, biliyə, bacarığa sahib insan qısa müddətli təhsil almaqla, təlim keçməklə bəzi peşələrə yiyələnə bilər. Məsələn, əczaçı peşəsinə yiyələnmək üçün vacib deyil ki, mütləq ali təhsil alasan. Orta ixtisas təhsili müəssisələri də bu ixtisası tədris edə bilər və edirlər də. Elə peşələr var ki, orada ali təhsilə deyil, bacarıq və vərdişlərə yiyələnmək əsasdır. Yetər ki, bunları tədris edəcək mütəxəssis, təcrübə üçün hərtərəfli imkanlar olsun. Optometriya da ali təhsil tələb etməyən ixtisasdır. Onun orta ixtisas təhsili müəssisəsində tədrisi məncə, müsbət haldır.