Tiktokda tərbiyəsizlik baş alıb gedir: "Əxlaq polisi" yaradılmalıdır?

Lakin ekspertlər Azərbaycanda "Əxlaq polisi"nin yaradılmasına ehtiyac görmürlər

“Boş-bekar insanların tərbiyəsinə və əxlaqına nəzarət üçün dövlət strukturuna ehtiyac yoxdur. Həmin vəsaiti təhsilin inkişafına, məktəblərdə təlim-tərbiyə sisteminin düzgün formalaşmasına, gənclərin asudə vaxtının təşkilinə ayırmaq daha məqsədəuyğundur”



Türkiyədə "Laz kızı” ləqəbi ilə “TikTok”da əri ilə birgə canlı açıb pul toplayan hamilə qadın Gül Xatun əxlaq polisi tərəfindən saxlanılıb.
Səbəb isə onun sonuncu dəfə "pul göndərin sinəmi göstərəcəm” deyərək 100 min lirə (təxminən 6 min manat) qarşılığında bunu etməsi olub.
Faktla bağlı istintaq yekunlaşıb. Ona 6 aydan 2 ilə qədər həbs cəzası istənilib.
  Hadisə Türkiyə Böyük Millət Məclisində tiktok platformasının bağlanması ilə bağlı müzakirələrin getməsinə səbəb olub.
Ölkəmizdə də tiktokda qeyri-etik davranışlarla, diqqət üzərinə çəkməklə qazanc əldə edən şəxslər var.
Bəs bu şəxslərin cəzalandırılması üçün Azərbaycanda yeni bir qurum - "Əxlaq polisi" yaradıla bilərmi? Bununla bağlı Bakıvaxtı.az-a danışan sabiq deputat Hüseynbala Mirələmov bildirib ki, əxlaq polisinin yaradılması çox asan məsələdir: "Məncə, hazırkı vəziyyətdə əxlaq polisi yaradılsa yaxşı olar. Bu, sosial şəbəkələrdə təbliğ olunan əxlaqsızlıqların qarşısını alar. Heç olmasa, bu istiqamətdə müəyyən qədər iş görüləcək”.
Onun sözlərinə görə, əxlaq polisinin yaradılmasının dövlətçiliyə, dövlətə heç bir mənfi təsiri yoxdur: "Bizdə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi var. Elə əxlaq polisi də bir növ onun funksiyasını yerinə yetirə, ona yardım edə bilər. Dövlətimiz məsləhət bilsə, bunu etmək var. Nəticəsinin də pis olmayacağını düşünürəm”.
  Hüquqşünas Emil Aslanov isə bildirib ki, əxlaq polisinin yaradılmasına ehtiyac yoxdur: "Bizdə əxlaq polisi olmasa da, polis var. Sırf belə bir hərəkət edənlərə qarşı bizim qanunvericilikdə hansısa cəza nəzərdə tutulmayıb. Amma fahişəliyə cəlbetmə, fahişəliklə məşğul olma maddələri var və şəxslər bu maddələrə görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Cinayət tərkibi varsa, polis belə halları araşdıra bilər. Amma kimsə canlı yayımda sinəsini göstərib pul tələb edirsə, onu həbs edə bilməz. Belə bir maddə yoxdur”.

  Hüquq müdafiəçisi Xəzər Teyyublu isə “Sherg az”a açıqlamasında deyib ki, sosial şəbəkələri kontrol etmək, insanların danışığına  məhdudiyyət qoymaqla problemi həll etmək mümkün deyil. Biz maarifçiliyi gücləndirməliyik: 
“Azərbaycanda əxlaq polisinin yaradılması və tiktok və s.  platformalardakı davranışlara görə blogerlərin məsuliyyətə cəlb olunması, cərimələnməsi insan hüquqlarına, insanların fikirlərini  azad ifadə etməsinə qarşı təzyiq kimi dəyərləndirilə bilər. Hər kəsin istənilən sosial şəbəkədə öz fikirlərini ifadə etmək azadlığı var. Kimin orada özünü necə apardığı, hansı hərəkətlər etdiyi isə onların səviyyəsinin göstəricisidir. 
  Razıyam, tiktokda canlı açıb əxlaqsız ifadələr işlədən, qeyri-etik davranışlar sərgiləyən insanların sayı həddindən artıq çoxalıb və bu, cəmiyyət üçün xoşagəlməz haldır. Lakin bu məsələyə görə  Azərbaycanda yeni bir strukturun yaradılmasını məqsədəuyğun hesab etmirəm.  Bu  dövlətin daha ciddi və daha aktual problemləri var. Əxlaq polisinin yaradılması və strukturun saxlanılmasına xərclənəcək vəsaitləri həmin sahələrə yönəltmək daha yaxşı olar. Yəni boş-bekar insanların tərbiyəsinə və əxalqına nəzarət üçün  dövlət strukturuna ehtiyac yoxdur. Həmin vəsaiti   təhsilin inkişafına, məktəblərdə təlim-tərbiyə sisteminin düzgün formalaşmasına, gənclərin asudə vaxtının təşkilinə ayırmaq daha məqsədəuyğundur. Gənclərin işsizlik problemi ilə bağlı konkret addımlar atılmalıdır ki, onların tiktokda canlı açıb  əxlaqsız hərəkətlər etməyə nə ehtiyacları olsun, nə də vaxtları...
  Gənclərin əksəriyyəti işsiz və bekar olduğu üçün bütün gününü sosial şəbəkələrdə keçirir, qeyri-etik davranışlarla da insanların diqqətini çəkib pul qazanmağa çalışırlar. Əksəriyyəti də sadəcə şou xatirinə əxlaqsız danışıb, açıq-saçıq səhnələr göstərir ki, baxış sayı artsın, reklamlardan və ya digər yollardan pul qazana bilsinlər”. 

  X.Teyyublunun sözlərinə görə, cəmiyyətin əxlaqi dəyərlərini qorumaq üçün bir neçə şəxsin cəzalandırılması yox, məktəblərdə təlim-tərbiyə, müəllim-şagird münasibətlərinə ciddi nəzarət edilməlidir: 
“Uşaqların tərbiyəsində ən önəmli faktor ailə, sonra isə məktəbdir. Müəllimlərin şagirdlər üzərində təsir imkanları artırılmalıdır. Eyni zamanda kişi müəllimlərin sayı çox ciddi şəkildə artırılmalıdır. Şagirdlərin tərbiyəsinin, əxlaqının formalaşmasında kişi müəllimlərin çox böyük təsir imkanı var. Oğlanların müəllimlik ixtisasına cəlb edilməsi üçün stimullaşdırıcı addımlar atılmalı, maaşlar  artırılmalıdır”.