Psixoloq: Uşaqların telefondan çox istifadəsi akademik uğursuzluğa səbəb olur

Demək olar ki, əksəriyyətimiz günümüzün  böyük hissəsini  mobil telefonda xərcləyirik. Təəssüflər olsun ki, son zamanlar bu artıq uşaqlarda da dəb halını alıb. Kiçik yaşlı uşaqların əksəriyyəti bütün gün əlində telefon, planşet səssiz-səmirsiz internetə daxil olaraq oyun oynayır.
Bu zaman validenlərdə belə bir sual yaranır. Uşaqları telefon asılılığından necə xilas edək?

Məsələ ilə bağlı EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramova “Sherg.az”a bildirib ki, texnoloji alətlərin uzun müddət istifadəsi uşaqlarda inkişaf problemlərinə və akademik uğursuzluğa səbəb olur:

"Bu zaman yuxu və iştah pozuntusu, məsuliyyətsizlik yaranır. Bu da dərs müvəfəqiyyətinin aşağı enməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Həmçinin sosial mühitdən tez sıxılma, əsəbilik, yorğunluq, aqressivlik, yalan danışmağa meyl etmək, diqqət əskikliyi kimi problemlər də özünü göstərə bilir. Uşaqların texnoloji alətlərdən çox istifadəsinin və ailənin buna icazə verməsinin bir çox səbəbləri vardır. Məsələn, bura ailə ilə vaxt keçirməkdən zövq alınmaması, dostlarının çoxunun virtual aləmdə olması və orada vaxt keçirməkdən həzz almaq, uşaqların həyətə çıxmağına icazə verilməməsi kimi nüanslar aiddir. Aparılan araşdırmalara görə, telefondan istifadənin artması real həyatda edilən fəaliyyətlərin azalmasına səbəb olur və ailə, iş, sosial çevrədə problemlər yaranmağa başlayır. Bundan da uşaqlar neqativ təsirlənirlər. Beləliklə, asılılığa çevrilməməsi üçün fərqindəliyin yaradılması və kontrollu istifadənin təmin olunması gərəklidir. Öhdəsindən gəlmək çətin olduqda isə artıq mütəxəssis dəstəyinə ehtiyac duyulur. Bundan başqa ailə daxili ünsiyyətin artırılması, havada gəzintinin təşkil olunması, uşaqların sosial və idman kimi fəaliyyətlərə təşviq edilməsi, dostlarla geçirilən zamanın artırılması da faydalı gələcək. Texnologiya istifadəsində məzmunun yaşa uyğunluğu gözlənilməli, sərhəd və zaman məhdudiyyəti qoyulmalı və buna əməl edilməlidir. İnternet üzərindən qurulan tanışlıqların təhlükəsi barədə uşaqlarla profilaktik danışıqlar aparılmalıdır. Ən əsası isə erkən yaşlarda uşaqlar texnologiyaya alışdırılmamalıdır ".