Ekspert: Bağçalarda peyvənd arayışının istənilməsi günün tələbidir

Uşaqlarda mövsümi viruslara, qızılca və suçiçəyi kimi infeksion xəstəliklərə yoluxma ehtimalları böyük uşaqlarla müqayisədə daha çoxdur
 
Bu baxımdan bağçalara qeydiyyat zamanı sağlamlıq kağızı və mübadilə vərəqəsinin tələb olunması anlaşılandır

Son 3-4 ay ərzində ölkə ərazisində kütləvi yayılan qızılca xəstəliyi tədrisin təşkilinə, tərbiyə prosesinə mənfi təsir göstərməkdədir


  Azərbaycan Respublikasının Milli Peyvənd Təqviminə uyğun olaraq peyvəndləri tam olmayan uşaqların bağçaya qeydiyyata alınmayacağı ilə bağlı məlumat yayılıb.
Məsələ ilə əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” haqqında qərarının 3-cü maddəsinin 4-cü bəndinə əsasən, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatında müəssisənin müdirinin adına ərizə, valideynin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşaqların mübadilə vərəqəsi, uşağın doğum haqqında şəhadətnaməsinin surəti, uşağın 3×4 ölçüdə 2 ədəd fotoşəkli və  sağlamlığının vəziyyəti barədə arayış tələb edilir. 
Bildirilib ki, mübadilə vərəqəsi uşağın doğuşdan etibarən keçirdiyi xəstəliklər və vurulmuş peyvəndlər haqqında məlumatları özündə əks etdirən sənəddir: “Mübadilə vərəqi də daxil olmaqla, yuxarıda qeyd edilən sənədlərdən hər hansı olmadıqda uşağın bağçaya qəbulu mümkün deyil.
Qeyd edək ki, uşaqlar arasında qızılcaya yoluxma sayı artdıqdan sonra uşaq bağçalarında peyvənd barədə sənəd tələb olunmağa başlayıb. Sosial şəbəkələrdə yayılan  məlumatlara görə bağçalarda valideynlərdən qızılca və məxmərəyə qarşı peyvənd olunmayan uşaqları vaksin etdirmək tələb olunur. Eyni zamanda bağçaya yeni uşaqlar qəbul olunarkən də uşağın qızılcaya qarşı peyvənd olunduğuna dair sənəd tələb olunur.
  Peyvənddən imtina edən valideynlər isə  bağçaya qeydiyyat zamanı uşaqlara vurulmuş peyvəndlər haqqında məlumatları özündə əks etdirən sənəd tələbini, xüsusən də qızılcaya qarşı peyvənd olunmayan uşaqların qeydiyyata alınmamasından narazılıq edir. 
  
Bağçalarda peyvənd tələbi qanunidirmi sualı ilə bağlı “Sherg.az”a açıqlama verən təhsil eksperti Kamran Əsədov isə deyib ki, məktəbəqədər təhsil müəssisələrinin  uşağın peyvənd olunmasına dair arayış istəməsi günün tələbidir: 
"Uşaqlardan  peyvənd olunmalarına dair sənədlərin tələb edilməsi 2016-cı ildə qəbul edilmiş "Məktəbəqədər təhsil haqqında" qanunun  tələblərinə də uyğundur. Lakin peyvənd olunmayan uşaqlar bağçalara qəbul olunmur iddiası  həqiqətə uyğun görünmür. Uşaqlar arasında qızılca geniş yayıldığından onlayn növbədən sonra uşaqlardan sağlamlıq arayışı ilə yanaşı uşağın hansı peyvənd olunduğuna dair də sənəd də tələb olunur. Əks halda valideyndən peyvənddən imtina sənədi tələb olunur.
Qeyd edim ki, ölkədə 1693 uşaq bağçası və körpələr evi fəaliyyət göstərir. 123 minə yaxın uşaq bu müəssisələrdə təlim-tərbiyə prosesinə cəlb edilib.  
  Son 3-4 ay ərzində ölkə ərazisində kütləvi yayılan qızılca xəstəliyi isə tədrisin təşkilinə,  tərbiyə prosesinə mənfi təsir göstərməkdədir. Bəzim valideynlər də haqlı olaraq çox narahatdırlar. 
Uşaq bağçalarında təhsil alan uşaqlar azyaşlı olduğu üçün immun sistemləri də tam formalaşmayıb, zəifdir. Mövsümi viruslara və qızılca, suçiçəyi kimi infeksion xəstəliklərə yoluxma ehtimalları da böyük uşaqlarla müqayisədə daha çoxdur. 
Bu baxımdan bağçalara qeydiyyat zamanı sağlamlıq kağızı və mübadilə vərəqəsinin tələb olunması da anlaşılandır. Hər hansı bir uşaqda yoluxma faktının aşkarlanması həmin bağçada təhsil alan digər uşaqların, onların ailəsinin, bağçada işləyən müəllimlərin və onların uşaqlarının sağlamlığı üçün təhlükə deməkdir. Yaxşı olar ki, uşaq qızılca və məxmərəyə qarşı vaksin olunsun.
Mütəxəssislər, səhiyyə təşkilatları da insanların sağlamlığı üçün vaksinasiyanı əhəmiyyətli və zəruri hesab edir".