İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
Cocuq Mərcanlıdan başlayıb
"Böyük Qayıdış"ın yeni ünvanı Cəbrayıl şəhəri olacaq.
Bu il Cəbrayıl şəhərinə köç olacaq, hazırda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyindən bildirilib ki, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur. Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət olan bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkün məskunlaşacaq.
Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
2020-ci ilin oktyabrın 4-də Vətən müharibəsinin gedişatında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin və 9 kəndinin işğaldan azad olunduğunu elan edib.
Onu da deyək ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.
Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov “Sherg.az"a açıqlamasında deyib ki, işğaldan azad olunan bütün ərazilər kimi Cəbrayılda da bərpa-quruculuq işləri sürətlə davam edir:
“2021-ci ildə cənab Prezidentin, eləcə də, rayon ziyalılarının, ictimaiyyətin iştirakı ilə təməlqoyma həyata keçirilib və indi də quruculuq işləri davam etdirilir. Artıq rayon mərkəzində 33 bina inşa olunub. Eyni zamanda bir neçə kəndin təməli də qoyulub. Rayonun digər yerlərində də işlər dayanmadan həyata keçirilir. Bu da onu göstərir ki, bərpa və yenidənqurma işləri çox sürətli formada aparılır. Həyata keçirilən tədbirlərin fonunda demək mümkündür ki, Cəbrayılın öz sakinlərinə qovuşmasına çox az bir vaxt qalıb. Tezliklə cəbrayıllılar dədə-baba yurdlarına qayıdacaqdır. Sözügedən prosesin qısa müddət ərzində reallaşması üçün bütün işlər sürətli formada davam edir. İstər yol infrastrukturu, istər qaz və elektrik təchizatı ilə bağlı məsələlər operativ olaraq öz həllini tapır”.
Cəbrayılda həyata keçirilən şəhərsalmanın beynəlxalq şəhərsalma prinsiplərinə uyğun aparıldığını vurğulayan deputat bildirib ki, Cəbrayıl şəhərində Zəfər muzeyi, İşğal muzeyi, məktəblər, bağçalar, tibb ocaqları və digər inzibati strukturlar üçün binalar inşa ediləcək. “Böyük Qayıdış” çərçivəsində həyata keçirilən bərpa-quruculuq işləri başa çatandan sonra Cəbrayıl şəhəri Azərbaycanın gözəl guşələrindən biri olacaq.
Millət vəkilinin sözlərinə görə, İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrilib:
"4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olunub.
Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayılda böyük quruculuq və abadlıq işləri həyata keçirilir.
Ötən 3 il ərzində bir neçə dəfə Cəbrayıla səfər edən ölkə başçısı “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində, “Cəbrayıl” yarımstansiyanın, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib. Bundan başqa Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyulub.
Bütün bunlar onu söyləməyə əsas verir ki, tezliklə Cəbrayıl, eləcə də, işğaldan azad olunmuş digər rayonlarımız dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək".
Millət vəkili həmçinin qeyd edib ki, “Böyük Qayıdış”ın simvolu məhz Cəbrayıl rayonudur. Onun sözlərinə görə, hazırda Cəbrayıl şəhərinə qayıdış üçün hazırlıq görülsə də, "Böyük Qayıdış" ilk olaraq Cocuq Mərcanlıdan başlayıb: "2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 24 yanvar tarixli Sərəncamına əsasən işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 50 ev, 96 şagird yerlik məktəb və məscid tikilərək istifadəyə verilib. 30 may 2018-ci il tarixdən sakinlər kəndə köçürülüb".
Qeyd edək ki, "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunan rayonlara köçürülən əhalinin məskunlaşması ilə bağlı ən mühüm məsələlərdən biri də əhalinin işlə təminatı məsələsidir.
C.Məmmədov isə hesab edir ki, hər bir rayona köçürülən əhalinin iş təminatı ilə bağlı dövlətin konkret planları var:
"Çünki buradakı insanlarımızın böyük əksəriyyəti hardasa işləyirdi, ora qayıdarkən onların işlə təmin olunması da bu gün dövlətin bilavasitə diqqətindədir. Onu da deyim ki, Şərqi Zəngəzur iqtisadi rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli layihədir. Daha doğrusu, böyük bir regionu əhatə edəcək iqtisadi zonadır.
Cəbrayılda işğala qədər əkinçilik, kənd təsərrüfatı geniş yayılmışdı. Əlbəttə, sənaye müəssisələri ilə yanaşı, kənd təsərrüfatının inkişafı, əkinçilik, heyvandarlıq, üzümçülük, pambıqçılıq kimi məsələlər də nəzərdə saxlanılır".