Sosioloq: Dayə seçimi edərkən tələsmədən qərar vermək lazımdır

Bakıda vəzifəli qadının əkiz övladlarını döyən dayə ilə bağlı məhkəmə qərar verib. Afaq Əhmədpaşayeva 1976-cı il təvəllüdlü Sənubər (şərti-ad) adlı qadını 2023-cü il təvəllüdlü əkiz övladlarına baxılması üçün dayə tutub. Sənubər 5 il dayə fəaliyyəti ilə məşğul olub. O, bir ay müddətində Səbail rayonunda yaşayan Afaq Əhmədpaşayevanın evində iki azyaşlı uşaqlarına dayəlik edib. Əkzilərin anası övladlarının bədənində xəsarət izlərinin olmasından narahat olmağa başlayıb. O, mənzilin müşahidə kameralarına baxan zaman məlum olub ki, uşaqlarından biri ağladığı üçün baxıcı qadın onların başına əli ilə vurub və onlra fiziki xəsarət yetirib. Afaq Əhmədpaşayeva dərhal dayə ilə bağlı Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsinin 41-ci Polis Bölməsinə şikayət ünvanlayıb.          Dayə barəsində İnzibati Xətalar Məcəlləsinin 157- ci maddəsi protokol tərtib olunaraq, iş məhkəməyə göndərilib. Məhkəməyə təqdim edilən videogörüntüyə baxış keçirilib. Müəyyən edilib ki, dayə gecə saat 00.30-da azyaşlı uşaqların birinin baş nahiyəsinə əli ilə şillə vurub.Məhkəmədə təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, azyaşlını vurduğunu təsdiqlədiyini, lakin xəsarət yetirmədiyi bildirib. Buna görə uşaqların anasından üzür istədiyini deyib.

Hadisə ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, dayə mövzusu tək bizim ölkənin deyil, bütün dünyanın ən böyük problemlərindən biridir:

"Çünki zorakılıq göstərən insanın milliyəti və böyüdüyü cəmiyyət fərq etmir. Ümumilikdə zorakılığa meyilli olan biri olduğu yerdən asılı olmayaraq, bunu göstərəcək. Valideynlər övladlarının həyatını dayəyə əmanət edir. Bu səbəbdən də ciddi araşdırma aparmaq lazımdır. Dayə seçimi edərkən tələsmədən qərar vermək lazımdır. Fikrimcə, uşaq baxıcısındansa, baxçalara üstünlük vermək lazımdır. Xüsusilə də dövlət uşaq baxçalarının fəaliyyətini müsbət qiymətləndirmək mümkündür. Burada zorakılıq tətbiq olunan bəzi kadrlar yayılsada unutmamaq lazımdır ki, həyatda heç nə və heç kimsə mükəmməl deyil. Ona görə alışmaq lazımdır ki, dünya müxtəlif xarakterli insanların yaşadığı yerdir. Yəni, fərqinə varmalıyıq ki, hamı yaxşı deyil və tədbiri əldən vermək olmaz. Ümumiyyətlə, zorakılığa əl atan biri bunu səbəbə görə etmir, həmin şəxsin təbiəti bu cürdür. Ailəsində problem olduqda və yaxud hansısa problemlə qarşılaşdıqda aqressiyasını bu tərzdə biruzə verir".