Sosial şəbəkələrdə seçkidən sonra Azərbaycanda bahalaşma olacağı barədə iddia yayılır. Söhbət bütün sahələrdə bahalıqdan gedir – Kommunal xidmətlərdən (qaz, işıq, su) tutmuş, ərzağa, yanacağa kimi qiymətlərin artacağı deyilir.
Bəs deyilənlər nə qədər ciddi və əsaslıdır? Hökumətin bu addıma getməsi üçün nə kimi əsaslar ola bilər?
Mövzunu Globalinfo.az-a şərh edən deputat Elman Nəsirov deyib ki, hər hansı bir məhsulun bahalaşması idxal olunan qiymətin artımı ilə bağlıdır.
Deputatın sözlərinə görə, qiymət artımı dünya bazarında bütün sferalarda özünü göstərir:
“Bu nöqteyi-nəzərdən bizim idxal etdiyimiz məhsulların qiymətlərinin qalxması labüd bir prosesə çevrilir. Ancaq seçki öncəsi və seçkidən sonra müəyyən dairələr belə bir informasiyanı tirajlayırlar ki, guya bütün ərzaq məhsullarının, yanacağın, kommunal xidmətlərinin qiymətləri kəskin artacaq və s. Bunlar həqiqəti əks etdimir. Bu, məqsədyönlü şəkildə yayılmış dezinformasiyadır. Qiymət artımları müqabilində, Azərbaycan dövləti, onun ali siyasi rəhbərliyi hər zaman müvafiq adımlar atıb. Məsələn, bütün kateqoriyalar üzrə pensiyalar 11,2 faiz artdı. Bu isə təxminən 1 milyon 100 min insanı əhatə edir. Burada söhbət 630 milyon manat vəsaitin ayrılmasından gedir. Eyni zamanda hərbçilərin maaşları artırıldı, digər kateqoriyadan olan insanların da maaşları artırılacaq”.
E.Nəsirov deyib ki, qiymət artımı ilə bağlı xəbər yayan şəxslərin fikri manipulyasiya etməkdir:
“Azərbaycan cəmiyyəti bunu yaxşı anlayır. Bir daha qeyd edirəm, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Ölkə başçısı öz səlahiyyətlərinin icrasına başladıqdan sonra cəbhədə qazandığımız tarixi zəfərin insanların sosial rifahında da öz təsdiqini tapacağına şübhəmiz yoxdur. Əvvəla, bu, hər zaman belə olub, amma indi biz yeni dövrə daxil oluruq, yeni strateji vəzifələr müəyyən edilir, ciddi islahatların keçiriləcəyi, yeni bir müstəvidə, yeni keyfiyyət halına keçməsi gözlənilir. Bütün bunların ilk növbədə Azərbaycan vətəndaşının sosial rifahına yaxşı mənada təsir edəcəyi şübhəsizdir. Bu və digər sferalarda qiymət artımı varsa, bilin ki, mütləq həmin sferalarda maaşların, pensiyaların, muavinətlərin artılması da olacaq. Bu, birmənalıdır və həmin siyasət bundan sonra da davam etdiriləcək”.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli isə “Sherg.az”a bildirib ki, bu fikirlər əsassız gözləntilərdən ibarətdir:
“Ümumiyyətlə, dünya enerji bazarlarında qiymətlərin enişi davam edir. Məsələn, il yarım bundan öncə neftin qiyməti 120-130, qazın isə 3000 dollara çatmışdı. Ancaq indi neftin dəyəri 50 faiz, qazınki isə dəfələrlə ucuzlaşıb. Eyni zamanda ərzaq qiymətlərində də əhəmiyyətli azalma var. Bu azalma bazarlarda müşahidə olunur və tendensiya davam edəcək. Mərkəzi Bankın 2024-cü il inflyasiya ilə bağlı proqnozları mövcuddur. Statistikada faiz göstəriciləri 5-5.5 aralığındadır. Rəqəm 2023- cü ildə 8.8 faiz olub. Bu da onu deməyə əsas verir ki, 2024-cü ildə inflyasiya səviyyəsi 2023-cü ilə nisbətən daha aşağı olacaq. Ümumiyyətlə enerji, qaz, neft qiymətləri qalxmadığı təqdirdə kommunal xidmətlərin artırılmasına dair heç bir səbəb yoxdur. Nəqliyyat üzrə gediş haqqı isə bir il bundan əvvəl artırılıb. Hökümətin belə bir qərar verərək sosial gərginliyi artıracağına İnanmıram.