19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız Qeybəliyev Elvin Ağalar oğlunun Bakı şəhərində doğulan övladı Məhəmmədəlinin zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.
Bakupost.az xəbər verir ki, bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürüləcək. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.