Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, başçəkmə zamanı müəssisənin cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanaya, mətbəxə və digər obyektlərə baxış keçirilib, saxlanma şəraiti və rəftar, tibbi yardımın təşkili, yemək-qidalanma, isti və soyuq su təminatı, gəzinti, görüş və telefon danışıqları ilə bağlı vəziyyət araşdırılıb və sənədləşmə yoxlanılıb.
Cərimə təcridxanasına baxış zamanı burada təmir işlərinin aparıldığı, lakin natəmizliyin mövcud olduğu, dərman vasitələrinn saxlanılması qaydalarına riayət edilmədiyi müşahidə edilib.
MPQ üzvləri tərəfindən 30-dan çox məhkum fərdi qaydada qəbul olunub. Məhkumlar müəssisədə müayinə və müalicə məsələləri ilə bağlı müəyyən çətinliklərin olduğunu bildiriblər. Bəzi məhkumların Ombudsmana yazılı müraciəti də qəbul olunub.
Başçəkmənin yekununda aşkar edilən çatışmazlıqlar müəssisə rəhbərliyinin diqqətinə çatdırılmaqla onların aradan qaldırılması istiqamətində tövsiyələr verilib.