Deputat: Quru yolunun bağlı qalması uzun müddət davam edə bilməz

Biz itiririk, Gürcüstan turizmdən milyonlar qazanır


“Heç olmasa, strateji müttəfiqimiz olan Gürcüstanla sərhəddə dəhliz təşkil edək və maşınların gediş-gəlişinə imkan yaradaq”


  2023-cü ildə qonşu Gürcüstanın beynəlxalq turizmdən gəlirləri pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 26.2 faiz (856.7 milyon dollar) artaraq 4.1 milyard dollara çatıb. Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatında bildirilib. Qeyd olunub ki, təkcə ötən ilin dördüncü rübündə Gürcüstan turizmdən 873.67 milyon dollar gəlir əldə edib. Ötən ilin oktyabr-dekabr ayları ərzində Gürcüstanı 1.5 milyon nəfər ziyarət edib. Bunun təxminən 1.01 milyonunu beynəlxalq turistlər təşkil edib. Qardaş Türkiyənin turizm uğurları isə fantastikdir. 2023-cü ildə Türkiyəyə 57 milyon 700 min turist səfər edib. Türkiyənin turizmdən gəliri 54 milyard 300 milyon dollar olub. Müqayisə üçün qeyd edək ki, Azərbaycan 2023-də neft-qaz, neft məhsullarının satışından 30 milyard dollar vəsait qazanıb. Məlumat üçün bildirək ki, Azərbaycan 2023-cü ildə turizmdən cəmi 1,4 milyard dollar gəlir əldə edib. Ölkəmizə il ərzində 2 milyon 85 min turist gəlib və hər bir turist ortalama 671 dollar vəsait xərcləyib. Ümumiyyətlə, ölkəmizdə turizm sahəsi, bu sektorun maliyyə gəlirləri ən çox müzakirə olunan məsələlərdəndir. Əfsuslar ki, Azərbaycanda turizm sahəsində heç də ürəkaçan mənzərə yoxdur. Bəzi ekspertlərin fikrincə, ölkəmizdə turizmin potensialından lazımınca yararlanmır. Bir sıra başqa amillərin də bu sahənin inkişafına mənfi təsir göstərdiyi deyilir. 

  Millət vəkili Vahid Əhmədov "Sherg.az"a açıqlamasında deyib ki, Türkiyə, o cümlədən Gürcüstanda turizm sahəsinə diqqət böyükdür. Deputatın sözlərinə görə, həmin qonşu ölkələrə turist axını çox yüksəkdir: 
"Gürcüstana turist axını niyə çoxdur? Ona görə ki, xarici turistlərlə bağlı problemlər öz həllini tapıb. Burada problem yaradan bir neçə məsələ var ki, onlar Turizm Agentliyi və turizm şirkətləri tərəfindən dərhal həll olunmalıdır. Birinci məsələ xidmət sahəsidir. Azərbaycanda Turizm İnstitutu var və həmin ali təhsil ocağının məzularının sayı kifayət qədərdir. Amma hələlik xidmət səviyyəsini yuxarı qaldıra bilməmişik. Xüsusilə, yerlərdə, regionlarda xidmət səviyyəsi aşağıdır. Digər məqam isə qiymətlərlə bağlıdır. Turizm xidmətlərində tətbiq olunan qiymətlər qonşu Gürcüstanla müqayisədə çox bahadır. Qiymətlər turistlər üçün sərfəli deyil. Ona görə də turistlərin ölkəmizə axını yoxdur. Xüsusən, pandemiya dövründən sonra turistlərin sayı xeyli azaldı. Azərbaycan Turizm Agentliyi bu sahənin inkişafına diqqət yetirməlidir. Çünki turizm ən az xərc tələb edən, əvəzində ən çox gəlir gətirən sahələrdən biridir".


  Parlament üzvü bu istiqamətdə bir sıra addımların atılmasının zəruri olduğunu söyləyib:
 "Demirəm ki, bütün qiymətləri tənzimləsinlər. Amma harada mümkündürsə, bunu həyata keçirmək olar. Nəzərə alaq ki, turizm insanların istirahəti, maraqlı yerləri gəzərək xoş zaman keçirməsi deməkdir. Azərbaycanda kifayət qədər gəzməli-görməli yerlər, tarixi abidələr, mənzərəli gəzinti yerləri var. Sadəcə, turistləri cəlb etmək lazımdır. Xüsusi proqramlar olmalı, qiymət siyasətinə və xidmət keyfiyyətinə yenidən baxılmalıdır. Turizm gəlirli sahədir. Azərbaycan da diqqətçəkən məkandır. Üstəlik, Qarabağda, işğaldan azad edilmiş ərazilərdə böyük işlər görülür. Turizm sahəsində imkanlar kifayət qədər böyükdür və ciddi irəliləyişə nail olmaq mümkündür".

  V.Əhmədov əlavə edib ki, turistlər daha çox təyyarələrlə xarici ölkələrə səfər etsələr də, quru yollarından istifadə edənlər də var: 
"Quru sərhədlərinin bağlı qalması da turizm sahəsinə, turistlərin ölkəmizə gəlişinə mənfi təsir göstərir. Amma sərhədlərin bağlı saxlanması siyasi məsələdir. Qonşularımızda Azərbaycanı istəməyən, dövlət başçısının apardığı müstəqil siyasəti qəbul etməyən qüvvələr, dairələr var. Yəni sərhədlərin bağlı qalmasında bir sıra məsələlər rol oynayır. Ancaq mən də razıyam ki, quru sərhədlər açılmalıdır. Hətta Milli Məclisdə bir neçə dəfə təklif etdim ki, heç olmasa, strateji müttəfiqimiz olan Gürcüstanla sərhəddə dəhliz təşkil edək və maşınların gediş-gəlişinə imkan yaradaq. Bu, uzun müddət davam edə bilməz. Azərbaycan-Ermənistan münasibətləri normallaşdıqca, sülh müqaviləsi imzalanandan sonra yəqin ki, bu məsələyə baxılacaq və quru sərhədləri açılacaq".