Abşeronda iki məktəbli qız itkin düşüb. Oxu.Az xəbər verir ki, yeniyetmə qızlar dərsdən sonra evə qayıtmayıblar. Bu barədə 14 yaşlı qızların valideynləri məlumat veriblər.
Onların sözləri görə, Masazır kənd 3 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdləri olan Saray Məmmədli və Aydan Muradzadə adlı qızlar saat təqribən 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar. Qızların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron Rayon Polis İdarəsinə məlumat veriblər. Dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu təvəllüdlü iki məktəblinin itkin düşməsi üzrə daxil olan məlumat üzrə dərhal polis əməkdaşları tərəfindən axtarışa elan edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O qeyd edib ki, məktəblilər ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənəsinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur.
Əvəllər ailəyə xəbər vermədən heç mağazaya getmək mümkün deyildi. Maraqlıdır, indi nə dəyişib?
Məsələ ilə bağlı psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a açıqlamasında qeyd edib ki, hər dövrün özünə görə mənfi və müsbət cəhətləri var:
"Sadəcə əvvəllər informasiya bolluğu olmadığı üçün cəmiyyət arasında belə geniş yayılmırdı. Ancaq günümüzdə valideyn və uşaqlar arasında psixoloji alyansın daha çox pozulduğunu müşahidə edirik. Səbəb isə valideynlərin idarəçilik qabiliyyətinin zəif olması ilə bağlıdır. Məsələn, bu nüans travmalarla əlaqədar ola bilər. Ancaq desək ki, müasir dövrdə bütün ailələr eyni vəziyyətdədir, yanlış olar. Çünki indiki vaxtda valideyn nəzarəti güclü olan ailələr də mövcuddur. İstisna hallar sosial şəbəkələrdə sürətlə yayılır. Bu zaman bizə elə gəlir ki, belə hallar çoxalıb. Ancaq bu tendensiyanın artmayacağı anlamına gəlmir. Xüsusi ilə sosial mediada bu tip xəbərlər bir növ nümunə kimi göstərilir. Valideynlərin isə ən böyük günahı uşaqları ilə düzgün ünsiyyət qura bilməməsidir".