Bakının Yasamal rayonunda bir qrup sakin mənzil problemi ilə üz-üzə qalıb.
Sherg.az Baku TV-yə istinadən xəbər verir ki, Z.Əhmədbəyov küçəsində yaşayan vətəndaşların bir qismi evlərinin sökülməsi ilə əlaqədar onlara verilən kompensasiyadan narazıdır, digər qismi isə həmin narazı qalanlardan şikayətçidir. Onlar müqavilənin tezliklə bağlanmasını, köhnə evlərinin əvəzinə yeni tikiləcək binada mənzillə təmin olunmalarını istəyirlər.
Bəzi sakinlər 2023-cü ilin avqust ayından müqaviləyə imza atdıqlarını desələr də, narazı sakinlər tərəfindən işin yubadılmasından gileylənirlər.
“Imperial Residence” şirkətinin rəhbəri Rafael Abdullayev hesablama aparılan zaman yaşayış sahələrinin ölçüsünün mövcud olandan artıq götürüldüyünü, sakinlərə bina tikilən müddət ərzində (bir il, ilyarım, iki il - razılaşma əsasında) aylıq 600 manat kirayə haqqı təklif etdiklərini deyir. Ev sahibi isə narazılıq edərək, 600 deyil, 400 manat kirayə haqqı vəd verildiyini, bu məbləğə Bakıda kirayə mənzil tapmağın mümkünsüz olduğunu bildirir. Şirkət rəhbərinin sözlərinə görə, yeni bina 233 ailə üçün nəzərdə tutulub, ərazidəki 185 nəfərlə müqavilə bağlanıb, 25-i ilə bağlanmaq üzrədir, qalan 23 ailə ilə danışıqlar gedir. Həmçinin, əlavə edib ki, narazı sakinlər barəsində hüquq-mühafizə orqanlarına məlumat verilib.
Məsələyə münasibət bildirən daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, 2016- cı ildən başlayaraq, Bakıda istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan köhnə binaların, həmçinin bəzi ərazilərdə fərdi yaşayış massivlərinin sökülməsinə başlanılıb:
"Bu prosses iki formada aparılır. Özəl sektor qəzalı binaları sökərək yeniləri ilə əvəzləyir. Həmin ərazilər dövlət ehtiyacı üçün geri alınır. Bu zaman isə həmin əmlaklar bazar qiyməti ilə dəyərləndirilir və vətandaşlara kompensasiya verilir. Təbii ki, tikinti şirkətləri kompensasiya olaraq pul deyil, tikilən yeni binadan mənzil təqdim edirlər. Təmirin tamamlanmasına qədərki dövr ərzində isə onların kirayə və köç xərclərini ödənilir. Lakin hansısa söküntü dövlət ehtiyacı üçün aparılırsa, insanlar evlə təmin oluna bilmirlər. Belə olduqda bu şəxslərə bazar dəyərinə uyğun pul ödənilir. Daha çox evlərin sahəsi ölçülərək, kvadrata uyğun məbləğ təklif olunur. Bəzən, həyatyanı sahələrin sənədi olmadığına görə, müəyyən narazılıqlar yaranır".