Tiktok sosial şəbəkəsində 9 yaşlı övladı Adəmlə canlı yayımlara çıxan və videolar paylaşan Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev barəsində tədbir görülüb.
Bu barədə DİN-in Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb. O bildirib ki, azyaşlı və yeniyetmələrlə bağlı məsələlərə həssaslıqla yanaşılır:
“Ağcabədi rayon Hüsülü kəndində yaşayan azyaşlı Adəmin Tiktok sosial şəbəkəsində atası ilə paylaşdığı neqativ videolarla bağlı tədbirlər görülüb. Övladının təlim-tərbiyəsi ilə ciddi şəkildə məşğul olmayan valideyn barəsində protokol tərtib olunaraq rayon icra hakimiyyətinin müvafiq komissiyasına göndərilib”. Qeyd edək ki, 9 yaşlı Adəmin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmayıb".
Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az"a bildirib ki, indiki dövrdə ölkəmizdə hümanitar siyasət çox zəif səviyyədədir:
"Sözügedən sahə ilə məşğul olan qurumlar bu kimi mövzularda çox diqqətli olmalıdırlar. Müəyyən dəyişikliklər lazımdır. Heç kəs buna fikir vermir, məmur kimi gəzməyi xoşlayırlar. Yeni nəsilin daha keyfiyyətli böyüməyi üçün lazımi işlər görülməlidir. Bütün günü lənətlədiyimiz SSRİ rejimində bu nüanslar indikindən qat-qat çox diqqət mərkəzində olub. Hökm deyil ki, həmin siyasəti tərifləyək. Ancaq bu təcrübədən yararlanmaq lazımdır. Uşaqlar və gənclərlə düzgün ünsiyyət qurmaq gərəklidir. Vaxtının hamısını sosyal şəbəkələrdə keçirən uşaqların psixologiyasında elə dəyişiklər olacaq ki, arzuolunmaz əməllərə belə əl ata bilər. Bu istiqamətdə proqram hazırlanmalıdır. Cəmiyyət günü-gündən həssaslaşdıqca beləi nüanslara əhəmiyyətsiz yanaşmaq olmaz. Əks halda, dəhşətli hadisələr baş verəcək. Misal olaraq, dünən 25 yaşlı gənc ailə üzvlərini öldürüb. Bu səbəbdən sosial iş sahəsində peşəkar şəxslərə ehtiyac var".