Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və
mədəniyyətinin təbliği
Azərbaycanda dövlət quruculuğu prosesi də məhz milli-mənəvi dəyərlər üzərində həyata keçirilir
Milli-mənəvi dəyərlərin qorunub saxlanılması, eyni zamanda bu dəyərlərin ümumbəşəri dəyərlərlə sintezi və zənginləşməsi Prezident İlham Əliyevin mənəvi-mədəni inkişafa yönəlmiş siyasətinin qaynaqlarından birini təşkil edir.
Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində də xüsusi vurğulayıb ki, milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir: "Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi vəzifəsi dövlətin və hər bir ailənin qarşısında durur. Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda, heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz".
Azərbaycan xalqının öz milli-mənəvi dəyərlərinə həmişə sadiq olduğunu vurğulayan ölkə başçısı qeyd edib ki, Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gənclərin bu dəyərlər əsasında böyüməsi prioritet məsələdir: “Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib, bu birlik daimi olmalıdır. Bizi birləşdirən ümummilli məsələnin Qarabağın azad edilməsi olduğunu xatırladan dövlət başçısı qeyd edib. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın”. Dövlət başçısı deyib ki, burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq. Gənc nəsil belə yetişməlidir və biz gənc nəsli belə yetişdiririk. Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır, öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır və biz bunu görürük, biz gəncləri belə yetişdiririk".
Millət vəkili Ceyhun Məmmədov “Sherg.az”a açıqlamasında deyib ki, cənab prezident Milli Məclisdəki çıxışında çox vacib və əhəmiyyətli məsələlərə toxunub. Xüsusilə də, gənc nəslin milli-mənəvi dəyərlərimizə sadiq böyüməsi ilə bağlı son dərəcə mühüm faktordur:
“Vətən müharibəsi zamanı xalqımızın hər an dövlətin və Ordunun yanında olması və dəstəkləməsi uzun illərdir Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən uğurlu siyasətin nəticəsi idi. Vətən müharibəsi zamanı ən böyük üstünlüyümüz milli-mənəvi dəyərlərimizə sıx bağlılığımız idi. Həmin dövrdə dəyərlərimizə olan sevgi, Vətən yolunda fədakarlıq bizim üçün ən güclü silaha çevrildi, düşməndə vahimə yaratdı və tez bir zamanda məğlubiyyəti qəbul etməsinə səbəb oldu. Azərbaycan xalqı da bugünədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun zəngin milli-mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılıb və onun böyük bir hissəsi bugünədək qorunub saxlanıb. Bu baxımdan, milli dövlətin formalaşması və əbədiyaşar olması onun mənəvi əsaslarının milli dəyərlərlə nə dərəcədə səsləşməsindən asılıdır. Milli dəyərlərə söykənən dövlət quruculuğu xalqın milli şüuruna, identikliyinə, mənəvi dəyərlərinə istinad edir”.
C.Məmmədovun sözlərinə görə, milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması dövlət başçısının daim diqqətindədir. Prezident İlham Əliyev sadəcə andiçmə mərasimində yox, hər zaman Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sadiq olduğunu söyləyib:
“Dövlət başçısı bəyan edib ki, məhz bu dəyərlər bizi bir xalq kimi qoruyub saxlayıb və bu gün, müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də məhz milli-mənəvi dəyərlər üzərində həyata keçirilir. Mədəniyyətlərin bir-birinə nüfuz etdiyi və hətta bəzi hallarda assimilyasiyaya uğradığı indiki qloballaşan dünyada Azərbaycan xalqının milli-mənəvi keyfiyyətlərini mühafizə edərək gələcək nəslə ötürməsi maddi-mənəvi irsimizin öyrənilmə və qorunub saxlanma səviyyəsindən asılı olacaq. Milli irsimizin mühafizəsi məsələsi Azərbaycan Respublikası Konstitusiyasında da öz əksini tapıb”. Millət vəkili də prezidentin nitqinə istinadən gəncləri milli-mənəvi dəyərləri qorumağa çağırıb. Onun sözlərinə görə, bu dəyərlərin qorunmasında və nəsillərdən-nəsillərə ötürülməsində gənclərin üzərinə böyük məsuliyyət düşür: “Şübhəsiz ki, gənclərin formalaşmasında, onların milli-mənəvi dəyərlərə sadiq ruhda böyüməsində ailənin və məktəbin rolu danılmazdır. Təəssüflər olsun ki, bu gün dünyada ailə dəyərlərinin sarsıdılması, tərbiyə sisteminin pozulması, milli-mənəvi dəyərlərin arxa plana atılması üçün xüsusi qurumlar və təşkilatlar tərəfindən ciddi iş aparılır. Gənclərin öz soy-kökündən soyuması istiqamətində də səylər müşahidə edilir. Əvəzində zərərli dini cərəyanların, təriqətlərin təbliği istiqamətində təbliğatlar aparılır. Azərbaycan gəncliyini yad təsirlərdən qorumaq üçün də milli-mənəvi dəyərlərimizi daima ön planda saxlamalıyıq. Xoşagəlməz haldır ki, Azərbaycan cəmiyyətində boşanmaların sayı sürətlə artır. Gələcəkdə bu sürətin azalması, ailə dəyərlərinin qorunması istiqamətində çox ciddi addımlar atmalıyıq. Bu, son dərəcə əhəmiyyətli bir məsələdir. Paralel olaraq da məktəblərimizdə ailə dəyərləri, milli-adət ənənələrimizlə maarifləndirmə işləri aparılmalıdır. Məktəbin işi ancaq “Əlifba” öyrətmək, təhsil verməkdən ibarət olmamalıdır. Eyni zamanda gənclərin sağlam ruhda, milli təfəkkürdə, vətənpərvər yetişməsinə töhfə verməkdir. Elm və Təhsil Nazirliyi məktəblərdə bu cür tədbirlərin keçirilməsi ilə bağlı xüsusi tapşırıqlar verməlidir. Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi də konkret proqram əsasında ailə dəyərlərinin qorunması və məktəblərdə təlim-tərbiyənin ən yüksək səviyyədə qurulması üçün real addımlar atmalıdır. Öz dəyərlərinə və soyuna bağlı olmayan dövlətin inkişafı qeyri-mümkündür”.