“Şəhər daxilində artıq 3 yol müəyyənləşib, bunlar avtobus, velosiped və avtomobil yoludur”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ikinci oxunuşda müzakirəyə çıxarılan “Avtomobil yolları haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı bildirib.
Siyavuş Novruzov deyib ki, bu darısqallıqda bu yolların idarə edilməsi problemlər yaradır: “Əgər avtobus yoludursa, mütəmadi boş saxlanılır, digər maşınlar ora daxil olanda cərimələnir. Bu məsələlərə diqqət yetirməliyik. Bunu elə tənzimləmək lazımdır ki, digər maşınlar avtobus olmayanda yola daxil olursa, cərimə edilməsin. Gələcəkdə tramvayların çəkilməsi barədə danışırıq. Mən hesab edirəm ki, bir az irəli baxmaq lazımdır, Çində, Yaponiyada uçan taksilərdən istifadə edirlər. Hesab edirəm ki, daha çox yeraltı nəqliyyatdan istifadə etməliyik. Başqa məsələ ödənişli yollardan sui-istifadə edənlərlə bağlıdır. Biri avtomobili 200-lə sürüb sosial şəbəkədə paylaşır. Ödənişli yollarda özbaşınalıq edənlərə heç olmasa 15 gün küçə süpürtmək lazımdır. Bu məsələdə ictimai qınaq lazımdır”.