Rusiyalı proqramçılar süni intellektə (AI) əsaslanan tanışlıq saytı yaradıblar. Məlumata görə, layihənin rəhbəri Yeqor Krasilnikov bildirib ki, onun əsas işi səslə müəyyən edilən parametrlər əsasında cütlük seçməkdir. Bu məqsədlə şəxsiyyətin xüsusiyyətlərini müəyyənləşdirməyə kömək edən Kettell psixoloji testindən istifadə olunur.Tətbiqdə qeydiyyatdan keçərkən istifadəçi bir neçə səsli mesaj yazır və beş suala cavab verir, o cümlədən həyatında baş vermiş maraqlı hadisənin təsviri, qeyri-adi təcrübə, nailiyyətlər və ideal münasibətlər barədə danışır. Qəbul edilən səs nümunələri istifadəçinin xarakterini müəyyən edən süni intellekt vasitəsilə təhlil edilir.
Bundan sonra istifadəçi faiz nisbətini qeyd edərək, gələcək partnyorun ünsiyyətlilik, zəka, emosional sabitlik və digər şəxsi xüsusiyyətlərini seçir. Alqoritm məlumatları təhlil edir və ən uyğun partnyoru seçir. Portal hazırda tətbiqin mobil versiyası da daxil olmaqla tam fəaliyyət göstərir.
Tanışlıq saytının yaradılmasının köhnə nəzəri əsaslarla bağlı olduğunu deyən sosioloq Üzeyir Şəfiyev “Sherg.az”a bildirib ki, bu Anglo-Amerikan nəzəriyəsi hesab olunur:
"Çünki ideyanın yaradıcısı Ketteldir və şəxsiyyətin psixologiyasını öyrənir. Burada çatışmayan bəzi nüanslar var. Şəxsiyyətin xüsusiyyətləri çoxdur. Ona görə də bunu ümumiləşdirib vahid tipologiya halına gətirmək çətindir. Test yaradaraq tanışlıq saytı qurmaq isə doğru yanaşma deyil. Ümumiyyyətlə, insanlar arasında münasibətlər qarşılıqlı interaksiya əsasında formalaşmalıdır. Bir-birini tanımaq üçün qarşı tərəfin bədən dili, üz cizgiləri, qoxusu kimi əlamətlər önəmli hesab olunur. Günümüzdə normal qurulan bir çox ailələrin boşandığını müşahidə edirik. Bu səbəbdən də tətbiq özünü doğrultmayacaq. Sadəcə bu həvəskarlar tərəfindən edilən təşəbbüsdür. Ona görə də insanın bu sistem vasitəsi ilə tərəf müqabili, dost, ailə münasibətləri qurması məqsədəuyğun deyil. Əfsuslar olsun ki, bu tip proqramlara bizim və digər dünya ölkələrində əyləncə naminə maraq göstərən şəxslər olacaq. Bir sözlə, insani münasibətlər ancaq səmimi, təbii əsaslar üzərində qurula bilər".