Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
“Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldı. İstintaq hərəkətləri davam etdirilir”, - o vurğulayıb. Xatırladaq ki, görüntülərdə yeniyetmə qız digərinin alnına ədəbsiz söz yazaraq onun başında yumurta qırır. Digəri isə qayçı ilə qızın saçını kəsir. Əldə etdiyimiz məlumata görə, görüntülərdə məktəbliyə qarşı ədəbsiz hərəkət edənlərdən biri hazırda sözügedən məktəbdə təhsil alır.
Məsələni dəyərləndirən sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, bir çox şəxs məktəbdə baş verən zorakılıq hallarını əks etdirən videoları ürək ağrısı ilə seyr edir :
"Burada kimi günahlandıraq? Övladına tərbiyə verməyən valideyn, tərbiyə almaq istəməyən uşaq, amalı, məqsədi təhsil yox, rüşvət olan direktorlar, dərs cədvəli satan müavinlər, tərbiyəsiz uşaq əlində naçar qalan müəllimlər, döyülən yaxud döyən şagirdlər, bütün bunlara gözünü yumub, qulağını tıxayan nazirlik – sizcə, hansı daha çox günahkardır?Hadisə ayın 17-də olub, amma biz 3 gün sonra xəbər tuturuq. Təsəvvür edin ki, mediadan kənar qalan hadisələr nə qədər olur. Çox vaxt uşaqların təhlükəsizliyi səbəbindən gizli saxlanır. Qızlara qarşı cinsi qısnama edən məktəbli oğlanlar, bullinq edən həmyaşıd qızlar, əksər hallarda yaşlarının az olması səbəbindən cəzasız qalırlar. Ən yaxşı halda valideynlər məktəbə çağırılıb xəbərdarlıq edilir. Ən pis halda məktəbdən xaric edilərək başqa məktəbə göndərilir. Beləcə ayaqlı bəla məktəb-məktəb dolaşır. Uşaqlar ailənin güzgüsüdür. Ailədə nə görürlərsə, onu da tətbiq edirlər. Bəzən deyirlər ki, ailədə zorakılıq görməyib, bəs niyə zorakılıq edir? Ola bilər fiziki zorakılıq görməyib, amma sözlə, baxışla, psixoloji olaraq təzyiq altında yaşayıb ".
L.Mehralı diqqətə çatdırıb ki, ən böyük məsuliyyət və günah valideynlərin üzərinə düşür:
" Məktəbdəki şagirdlər valideynlərin əsəridir və onların verdiyi tərbiyəni nümayiş etdirir. Bir sözlə, şagird ailənin məktəbdəki inikasıdır. Biz uşağımıza tərbiyə verməsək, heç bir məktəb, heç bir müəllim onu düzəldə bilməz. Sağlam gələcək psixi və fiziki cəhətdən sağlam uşaqlar deməkdir. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, biz gələcəyimizi artıq itiririk. Təəssüf ki, bu, belədir ".