Sovet dövründə 23 fevral kişilər bayramı hesab edilirdi. Əslində 23 fevral Sovet İttifaqı dövründə sovet ordusunun və hərbi donanmasının yarandığı günün tarixi olub. Lakin həmin dönəmlər məktəb illərində qızlar həmin gün oğlanları təbrik edir, hədiyyələr alırdılar. Bunun da əvəzində Qadınlar Günündə oğlanlar qızları təbrik edirdi. Hazırda 26 iyun - Silahlı Qüvvələr Günü həmin mahiyyəti daşıyır. Sadə dillə desək, el arasında “Kişilər Günü” kimi təqvimdə yerini tutub.
Maraqlıdır, rəsmi olaraq niyə “Kişilər Günü” yoxdur?
Məsələyə münasibət bildirən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov "Sherg.az"a bildirib ki, bayramlar və beynəlxalq günlər müxtəlif tarixi hadisələri əhatə edir:
"Onlar bir çox ölkələrdə yaranaraq ümummilliləşir. Keçmiş SSRİ-yə daxil olan 15 müttəfiq Respublika 23 fevral Sovet ordusunun yaranma günü “kişilərin bayramı” kimi qeyd edilirdi. Zaman keçdikcə bu, ilkin mahiyyətini itirməyə başladı. SSRİ-nin son illərdə açılan sirrləri, həmçinin 20 Yanvar hadisəsi, Qazaxıstan, Tbilisidə törədilən qırğınlar həmin orduya olan inamı məhv etdi və bu günün tarixini arxivə saldı. Azərbaycanda kişilər gününün müxtəlif tarixlərdə qeyd olunması təklif olunub. Məsələn, 26 İyun - ordunun yaradılması günü. Düşünürəm ki, Şuşanın geri qaytarılması tarixini əsl kişilər bayramı kimi qeyd etmək mümkündür. Çünki həmin vaxt Azərbaycan oğulları torpaqların suverenliyinin təmin olunması üçün igidliklə, qanı bahasına qələbə qazandılar. Ola bilsin ki, 23 fevralı köhnə dövrün kişiləri yenə də qeyd edəcəklər. Sovet hakimiyyəti vaxtı dünyasını dəyişənlərin xatirəsinə görə, 23 fevralı “atalar bayramı” olaraq qeyd etmək olar. Müəyyən bayramın arxasında məntiqi yanaşma dayanmalıdır".