Azərbaycanda bələdiyyələrin birləşdirilməsinə start verilir.
Bu, “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, Azərbaycanda bələdiyyələrin sayı kifayət qədər azalacaq.
Məsələyə münasibət bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a söyləyib ki, Azərbaycanda bələdiyyələrin formalaşdırılmasına 1999-cü ilin dekabr ayından başlanılıb:
"İlk bələdiyyə seçkilərində sonra Azərbaycanda 2667 bələdiyyə formalaşdırlıb. Bir müddət sonra isə say 2736-dək artırıldı. 1999-2009-cu ilə qədərki müddətdə prosses sübut etdi ki, bələdiyyələrin sayı hədsiz çoxdur. Bu da bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Ona görə də 2009 və 2014 - cu illərdə keçirilən seçkilər zamanı 1100-ə yaxın bələdiyyə birləşdirildi. Bunun nəticəsində bələdiyyələrin sayı 2736-dan 1606-a endirildi. Buna baxmayaraq, onların fəaliyyətində müəyyən problemlər mövcuddur. Düşünürəm ki, bələdiyyələrin inkişafı, ancaq onların birləşdirilməsi ilə mümkündür. Günümüzdəki bələdiyyələrin xeyli bir hissəsi dövlətdən ayrılan dotasiya ilə fəaliyyətdədir. Elə bələdiyyələr var ki, problemlərin həll olunması üçün maliyyə imkanları yoxdur".
V.Tofiqli vurğulayıb ki, bələdiyyələrə vergi ödənilirsə, əldə olunan vəsait vətəndaşın probleminin həllinə yönəldilməlidir:
“Digər sahələr üzrə borc yaranıb ödənilmirsə, həmin bələdiyyələrin birləşdirilməsi daha məqsədəuyğundur. Bəzən illik gəlirlərin tam həcmdə toplanması təmin olunsa belə, qanunvericiliklə müəyyən edilmiş sayda daimi əsaslarla işləyən bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının əməkhaqqı xərcləri qarşılana bilmir. Sosial sığorta haqları üzrə borcların ödənilə bilməməsi səbəbindən bank hesablarına qanunvericiliyin tələblərinə əsasən məhdudiyyətlər tətbiq edilmişdir. Təəssüf ki, maliyyə çatışmazlığı səbəbindən ixtisaslı kadrlar cəlb edilə bilmir, müasir texnologiyaların tətbiqində çətinliklər mövcuddur. Bu baxımdan təklifin həyata keçirilməsi vacib şərtlərdən biridir. Qərarın qəbul edilməsi bələdiyyələrin maliyyə, iqtisadi resurslarının artmasına, əhalinin problemlərinin həllini sürətləndirilməsinə, sakinlər arasında nüfuzunun artmasına səbəb olacaq".
Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub.