Toksik münasibət: Öz cəlladına aşiq olan qurbanlar

Bəzi  sevgi münasibətləri var ki, qarşı tərəfin sənə ziyan vurduğunu bilsən də ondan bir anda ayrı qalmağı bacarmırsan. Yəni bir növ "toksik münasibət" yaşayırsan. Bu bir addım belə irəli gedə bilmədiyiniz, davamlı olaraq özünüzü pis hiss etdiyiniz, sosial çevrənizə, işgüzar həyatınıza, hətta istər psixoloji, istər fizioloji sağlamlığınıza mənfi təsir edən münasibətdir.
Maraqlıdır, bunun səbəbi nədir?  

Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, bu tip münasibətləri yaşayan adamlar travmatik seçim etmiş hesab olunurlar:

"İnsanlar doğulub böyüdüyü evdə hansı travmaları görürsə, böyüdükdən sonra həyatında ona bu travmaları yaşadan şəxslərə bənzər birilərini seçir. Bu psixoloji bir nüansdır. Biz qarşı tərəfi sevdiyimizi zənn edərik, ancaq bunun əsas səbəbi aslılıqdır. Yəni onu düşündüyümüzü zənn edərik, amma əslində öz cəlladımıza aşiq olan qurban rolunu seçirik. Bu kimi hisslərdən xilasolmaq üçün mütəxəsislərə müraciət edərək travmalardan qurtulmaq mümkündür. Sizi yoran məqamlardan biri də sevdiklərinizə zaman ayıra bilməməyinizdir. Partnyorunuz sevdiklərinizə ayırdığınız zamanı məhdudlaşdırır.Həyat davam etdikcə biz də dəyişib inkişaf edirik. Zaman-zaman həyatımıza yeni insanlar daxil olur. Əgər bu cür dəyişimlərdə bir-birinizin yanında ola bilmirsinizsə, münasibətinizi gözdən keçirməyinizdə fayda var".