Su təsərrüfatı ilə bağlı xüsusi qanun qəbul edilməlidir və bu, bütün su təsərrüfatlarını əhatə etməlidir.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, insanlarımızın suya qarşı münasibəti ürəkaçan deyil: “Biz həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsində bununla bağlı cərimələr və cəzalar müəyyənləşdirək. Suya qarşı münasibət dəyişməlidir. Daxili çayların, yağış sularının anbarlara yığılaraq istifadəsi çox yaxşı haldır. Bakıətrafı kəndlərdə kanalizasiya sistemində ciddi problemlər var. Bununla bağlı xüsusi dövlət proqramı hazırlanmalıdır. Sudan istifadə edənlər demək olar ki, pul ödəmir. Bunu necəsə tənzimləmək lazımdır”.
Məsələyə münasibət bildirən ekoloq Rövşən Abbasov “Sherg.az”a açıqlamasında bildirib ki, bəzi ərazilərdə, xüsusilə Abşeron yarımadasının bir neçə sahəsində sudan qeyri-qanuni istifadə halları mövcuddur:
"Həmin halların qarşı isə mütləq alınmalıdır. Bunun üçün sayğaclar quraşdırılmaqla bərabər, mütəmadi yoxlanışlar aparılmalıdır. İnsanlarda sudan istifadə də qənaət təşəbbüsləri formalaşdırılmalıdır. Bilməliyik ki, müasir dövrdə su o qədər də ucuz resurs deyil. Hər birimiz mağazalardan içməli su aldıqda bir litr üçün təxminən 1 manata yaxın pul ödəməli oluruq. Ancaq evizimizdə quraşdırılan suyun 1000 litrinə 70 qəpikdən də az ödəməyə çətinlik çəkirik. Bu hallar su idarəsində müəyyən problemlər yaradır. Çünki, bu sahədə çalışan təşkilatların əksəriyyətində minlərlə şəxs fəalliyyət göstərir. Onların əməyi nəticəsində su istifadə ünvanına çatır. 90-cı illərdən sonra Bakıətrafında gedən qeyri-məskunlaşma, evlərin və villaların tikilişi ciddi sanitariya problemləri yaradır. Məsələn, həmin ərazilərdə konalizasiya şəbəkəsinin təşkili problem yaradır".
R. Abbasov onu da qeyd etdi ki, kifayyət qədər vəsait və layihə təşkil olunsa da, bu cür sistemlərin quraşdırılması illərlə vaxt aparacaq:
"Yəni, bununla bağlı nə dövlət proqramı, nə də konkret cəza tədbirləri köməklik göstərə biləcək. Su ödənişi ilə bağlı əhalinin cəzalandırılmasının əleyhinəyəm. Sadəcə insanları məlumatlandırmaq lazımdır. Bu səbəbdən əvvəlcədən özbaşına məskunlaşmanın qarşısını almalıydıq. Abşeron yarımadasında yararlı torpaq sahələri sıradan çıxıb və yataq yerlərinə çevrilib. Bu da torpağın birdəfəlik istifadədən çıxarılması deməkdir. Buradakı evləri daha effektiv formalaşdımaq lazım idi. Çoxmərtəbəli mənzillər tikərək həyətevlərinin ərazisini azaltmaq olardı. Ancaq bundan sonra ciddi tədbirlər görülməlidir. Təklif edərdim ki, dövlət vəsait ayırıb qeyri-formal tikilən evləri sökülsün və kənd təsərrüfatı məqsədi ilə istifadəyə verilsin. Həmin ev sahibləri bina evləri ilə təmin olunsun".