Sosial şəbəkələr də “maarifləndirmə” işini gördü
“Son 10 ildə Azərbaycanda nikah və boşanma sahəsində vəziyyət necədir?
Qısa cavab belədir ki, tendensiya yaxşı deyil. Nikah azalır, boşanma çoxalır”. Bu barədə iqtisadçı-ekspert Samir Əliyev sosial media hesabında paylaşım edib. Boşanmaların artmasının təhlükəli tendensiya halı aldığını vurğulayan ekspert deyib ki, orta nikah yaşı getdikcə artır: “10 il qabaq hər 7 nikaha bir boşanma düşürdüsə, hazırda bu göstərici 4 nikah səviyyəsinə qədər azalıb”.
S.Əliyevin toxunduğu mövzu digər ictimaiyyət üzvlərinin də diqqətini çəkib və mövzu geniş müzakirə predmetinə çevrilib.
Şəhərlərdə göstəricinin daha pis olduğunu vurğulayan jurnalist Vasif Cəfərov bildirib ki, bir neçə il əvvələ qədər Azərbaycanda ildə 4-5 min boşanma faktı qeydə alınırdı. İndi yalnız Bakıda bir ildə 7 mindən çox boşanma olub. Bakıda Səbail rayonu öndə gedir. Bu rayonda 100 nikaha 65 boşanma düşür.
Xarici ölkədə yaşayan Elnur Əhədov adlı istifadəçi isə beynəlxalq təcrübəyə toxunub: “Nikaha girmək prossesi çətinləşməlidir. Ailə qurumları yaradılmalı, insanların ailə qurmağa psixoloji hazırlıqları yoxlanılmalıdır. Nikaha girmə rahat olduğu üçün valideynlər, ailələr nikahda müəyyən sosial problemlərin həllini görürlər. Avropa ölkələrində isə boşanmaların sayının çox olmamasının səbəbi rəsmi nikahların az olduğu ilə əlaqədardır məncə. Almaniyada qanunlar çox sərt olduğu üçün maddi yük yüksək olduğu üçün əksər cütlüklər uzun müddət birgə yaşayandan sonra qərar verirlər ki, münasibətləri rəsmiləşdirsinlər, ya yox. Hələ əmlakı və biznesi olanlar bu qərarı verməkdə daha çox götür-qoy edir”.
Filologiya elmləri doktoru Yadigar Cəfərli isə beynəlxalq təcrübədə boşanma və nikah nisbətinin 50/50 olduğunu deyib:
“Yəni ailə quranların tən yarısı boşanır. Riçard Talerlə Kəs Sansteynin "Nudge" kitabında da belə göstərilir. Sadəcə, indiyə kimi bizdə ailə institutu ənənələr üzərində möhkəm olub deyə, nisbət bu səviyyəyə çatmayıb. Amma qloballaşmanın, nəsil dəyişikliyinin təsiri ilə sürətlə ona doğru gedir”.
S. Əliyev:
- Avropada boşanma faizi yüksəkdir. Dostumuz Xalid bəy də statistika paylaşıb. Bu rəqəmləri görmüşdüm əvvəllər. Düzü, ilk baxışda təəccüblü gəlsə də, bir qədər analiz etdikdən sonra Azərbaycanla fərqli situasiyanın olduğunu gördüm. Fərqlər çoxdur. Məsələn, əsas səbəbdən biri avropalı qadının boşandıqdan sonra çətinlik çəkmədən 2-ci və 3-cü dəfə ərə getmək şanslarının olmasıdır. Bizdə boşanmış qadının bir tərəfdən 2-ci dəfə ərə getməsi imkanları məhduddur, digər tərəfdən, ərsiz yaşaması belə psixoloji basqılarla üz-üzə qalmaqdır. İkinci vacib məsələ ölkədə sosial təminat səviyyəsinin aşağı olmasıdır. Yəni qadınların işlə təminatında problem olması, təhsilsizliyin yüksək olması onların tənha yaşamasına çətinlik yaradır. Yəni belə misalları çox çəkmək olar. Avropada boşanma yüksək olsa da, insanlar illərlə birgə yaşayırlar. Yəni nikah orada texniki məsələdir.
Hüquqşünas Xalid Ağəliyev isə xarici ölkələrin statistikası ilə bağlı daha detallı rəqəmlər qeyd edib:
“Hər 100 nikaha Portuqaliyada 64, İspaniyada 57, Belçikada 52, Hollandiyada 50, Danimarkada 48, İtaliyada 47 faiz boşanma düşür. Türkiyə və Rumıniyada 100 nikaha 22 və 21 faiz boşanma düşür. Onillik rəqəmlərə baxanda ölkələrə görə fərqli tendensiyalar var, İsveçrədə, Belçikada 15-20 faiz azalma var. Türkiyədə isə boşanma faizlərində ardıcıl yüksəliş nəzərə çarpır.
Elnur Teymuroğlu:
Ailə dəyərlərini hədəf alan bir çox işlər görüldü və bu proses bu gün də davam edir. Hansı işlər görüldüyünü siz də yaxşı bilirsiniz. Adət-ənənələrimizi sıradan çıxartmaq üçün gender bərabərliyi adı altında xeyli işlər görüldü. Sosial şəbəkələrdə bununla bağlı “maarifləndirmə” işi görüldü. "Kişi xəyanət edirsə, qadın da edə bilər" kimi paralellər aparıldı. Ona xəyanət edən qadını bağışlayan ərlər efirlərə çıxdı.
Yadigar Cəfərli isə sözügedən rəyə “Bu da bir başqa mövzudur, təbii. "Nudge" də onu öyrədir ki, nə vitrində və daha əlçatandırsa, ona maraq daha böyük olur”,- deyə münasibət bildirib.