Erkən nikahlar artıb: Problemin kökündə nə dayanır?

Milli Məclisin deputatı Vüqar İskəndərov nikah yaşının 17-yə salınması təklifi ilə razılaşmadığını bildirib.                              
O, jurnalistlərə açıqlamasında erkən nikahların qarşısının alınması məsələsində qanunların daha sərt olmasının vacibliyini vurğulayıb:                                                                                                                          
“Nikah yaşının 17-yə salınması təklifi ilə razı deyiləm. Fikrimcə, qanunlar bu sahədə daha yaxşı işləməlidir. Təbii ki, Milli Məclisin üzərinə də vəzifə düşür. Yəqin ki, gələcəkdə qanunlara yenidən baxmalıyıq. Erkən nikahların qarşısının alınması məsələsində qanunlar daha sərt olmalıdır”.
Son dövrlər sosyal şəbəkələrdə yetkinlik yaşına çatmayan qızların özündən 10- 15 yaş böyük şəxslərlə evləndirildiyini görürük. Maraqlıdır, kimdir günahkar? Madiyyat xatirinə övladını uçuruma atan valideynlər, yoxsa yaşı keçdiyinə görə, fürsətdən istifadə edən pedofillər?

Məsələ ilə bağlı Azərbaycan filosofu, sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub “Sherg.az”a bildirib ki, son illər ölkəmizdə qız uşaqlarının erkən nikaha daxil olması ilə bağlı xeyli problemlər yaranıb:
"Erkən yaşda qızların özlərindən yaşca çox böyük oğlanlara ərə verilməsi çox ciddi fəsadlar törədir. Birinci günahkar valideynlərdir. Onlar övladlarınıb həm psixoloqu, həm də ən yaxın dostu olmalı və düzgün istiqamətə yönləndirilməlidirlər, ancaq bu funksiyanı yerinə yetirə bilmirlər. Bunun səbəbi isə təhsilsizlik, əsl valideyn olmağın mahiyyətindən xəbardar ola bilməməkdir. 13-14 yaşda bir qızcığaz müstəqil qərar verə biləcək səviyyədə deyil. Təbii ki, bu mövzuda ikinci günahkar bu vəziyyətdən istifadə edərək ailə quran oğlanlardır. Burada bir növ qanunlarında bəzi səhvləri mövcuddur. Hüquq sistemi də bu yöndə sərt qaydalar tətbiq etməlidir. Düşünürəm ki, ancaq əlaqədar qurumlar və valideynlər əl-ələ verdiyi halda problemi kökündən həll etmək mümkün olacaq".