Hüquq-mühafizə orqanlarının belə hallara qarşı mübarizəsi anlaşılan və təqdirəlayiqdir
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 1 patron darağı və 56 ədəd patron aşkar edilərək götürülüb.
Qeyd edək ki, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri də davam etdirir. Eyni gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 9 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 6 patron təhvil götürüblər.
Təhlükəsizlik eksperti Elmar Nurəliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, qanunsuz silahların vətəndaşlar arasında yayılması, onların qeydiyyata alınmaması ciddi problemdir. Bu baxımdan, hüquq-mühafizə orqanlarının belə hallara qarşı mübarizəsi anlaşılan və təqdirəlayiqdir:
“Qanunsuz odlu silahların əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağandır və cinayət məsuliyyəti yaradır Evdə, iş yerində silah saxlamaq, avtomobildə, üzərində gəzdirmək yolverilməzdir. Cinayət Məcəlləsinin 228-ci maddəsinə əsasən, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə qanunla qadağan olunur”.
E.Nurəliyevin sözlərinə görə, insanlar evlərində olan qanunsuz silahları sadəcə maraq üçün saxlasalar belə, misal var: silah varsa, o, nə vaxtsa açılacaq. Ona görə də hüquq-mühafizə orqanlarının qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri təqdirəlayiq haldır: “İnsanlar inansalar ki, onları sonradan bu səbəbə görə sorğu-sual etməyəcəklər, silahları təhvil verəcəklər. Bu həm də, odlu silahla törədilən cinayətlərin azalmasına gətirib çıxaracaq”.
Ekspertin fikrincə, rəsmi icazəli silah sahibləri də öz məsuliyyətini dərk etməlidir: “Silahı evdə açıq-aşkar formada saxlamaq təhlükəsizlik baxımından yolverilməzdir. Silahı xüsusi metal qutuda saxlamaq lazımdır. Silahın saxlandığı seyfin qalınlığı 3 mm, kilidləri isə iki dənədən az olmamalı və silah evdə xüsusi ayrılmış yerdə və boş halda saxlanılmalıdır. Silah olan yerdə istiliyin, yanğına qarşı tez alışan, tez alovlanan maddələrin olmamasına diqqət edilməlidir. Silahın özü sahibi üçün əlavə məsuliyyət yaradır. Sizdə silahın olması pis niyyətli adamların öz əməllərini icra etmək üçün sizin evinizə qanunsuz daxil ola bilmək ehtimalı yaradar, özünüz və ailənizin təhlükəsizliyini təhdid altına atar. Ən başlıcası isə silah evdə uşağın əlinə keçə bilər və bədbəxt hadisəyə səbəb olar. Silahı mənzildə düzgün təhlükəsizlik qaydalarına uyğun formada saxlayarsa, heç bir bədbəxt hadisə baş verməz”.