Motivasiya yoxdur: Alimlərimiz ibtidai sinif müəllimlərindən də az maaş alır

İllərini elmin inkişafına həsr edən şəxslərin aldıqları maaş nə onların normal yaşayışına bəs edir, nə də yeni uğurlar qazanmasını stimullaşdırır

“Biz bu sahədə də ciddi şəkildə düşünüb, qərarlar qəbul etməliyik. Eyni zamanda bizim akademiya, universitet sistemində də bu istiqamətdə çox ciddi addımların atılmasına ehtiyac var”


  “Azərbaycan elminin inkişafının qısa yollarından biri Türkiyənin ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı alimlərdir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, onlar Azərbaycana gəlir, müəyyən müzakirələr edilir. Dil və məsafə yaxınlığı göstərir ki, türk ali təhsil müəssisələri ilə əməkdaşlıq vacibdir. Qısa zamanda nəticə əldə etmək istəyiriksə, buna davamlı şəkildə səy göstərməliyik.
  E.Əmrullayevin fikrincə,  gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik: “Hazırda bu zalda gənc alimlər arxada əyləşib, hesab edirəm ki, bu, elm sahəsində gənclərə münasibəti göstərir. Onları özümüzdən uzaq tutmaq Azərbaycan elmində gənclərə verilən rolun göstəricisidir. Gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik".
  Nazir həmçinin qeyd edib ki, xaricdə təhsil alan gənclər artıq ölkəyə qayıdır: "Bu mənada, onları metaforik mənada ön sıralara çəkməliyik, bundan qorxmamalıyıq. Təkcə vəd verməklə nəsə olmur. Gənc alimə ev verməkdənsə, ona elə maaş verək ki, həm özünə ev ala bilsin, həm də motivasiyası olsun".
  Nazir gənc alimlərin qərar verəcək postlarda olmasının vacibliyini vurğulayıb.
"Düşünək, nə qədər gənc alim qərar verənlərin sırasındadır? Gəlin sayaq. Görəcəyik ki, bu rəqəm çox azdır. Biz qəbul etməliyik ki, Azərbaycan elminin dünyada qəbul olunmamasının əsas səbəblərindən biri hissələrə bölünməsidir. Yəni elm istiqamətində çoxlu sayda qurumların olması vahid elmi mühitin olmaması deməkdir. Ola bilər ki, ayrılıqda hər biri keyfiyyətli və görkəmli iş görsünlər, amma bu, ayrılıqda baş verdiyi üçün alınmır. Nəticədə biz bəzən dünya reytinqlərində bu mənada son sıralarda qərarlaşırıq".
  Nazir elmi-tədqiqat laboratoriyalarının qurulmasının vacibliyindən danışıb: "Təhsil naziri olduqdan bu yana müşahidə etmişəm ki, bizdə elə laboratoriyalar var ki, 1970-ci illərdə qurulub. Ola bilər, o zaman vacib olsun, yaxşı fikir olsun, amma indi onlara ehtiyac yoxdur. Bizi sanki o laboratoriyaları ləğv etmək qorxudur. Niyə qorxuruq? Səmimi deyim, şəxsən mən bilmirəm".

  Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az”a açıqlamasında son illər elm sahəsinə yönələn gənclərin sayında kəskin azalma olduğunu deyib. Onun sözlərinə görə, əsas səbəblərdən biri isə  gənc alimlərin sosial təminatının  aşağı səviyyədə olması ilə bağlıdır:
 “Bu gün o gənclər elmi ixtiralar, elmi tədqiqatlarla məşğul olurlar ki, onların ailəsinin  maddi durumu yaxşıdır, sosial rifahları var, ev problemləri yoxdur. AMEA-da çalışan elmi işçilər 500 manat   əməkhaqqı alır. İllərini elmin inkişafına həsr edən şəxslərin aldıqları maaş nə onların normal yaşayışına bəs edir, nə də yeni uğurlar qazanmasını stimullaşdırır. Hətta bir çox alimlər ibtidai sinif müəllimlərindən də az maaş alır. Haqlı olaraq da yüksək bilik və bacarıqlara malik şəxslər elmdə qalmağa üstünlük vermir, digər sahələrdə daha yüksək əməkhaqqı ala biləcəklərinə görə elmdən gedirlər. Alimlərin bir qismi də tədrislə məşğuldur, universitetlərdə dərs deyir və sairə.
  Müdafiə olunan elmi işlərə baxsanız, əksəriyyəti məmurlardır.  Ya da  siyasi fəaliyyətlə məşğul olan ekspertlər elmi tədqiqat işləri müdafiə ediblər. Bunun isə elmə  heç bir faydası yoxdur. Dövlətin elm siyasəti elə olmalıdır ki, alim məmurlaşmasın, əksinə, məmur alimləşsin. Alim özünü bütünlükdə elmə həsr etməlidir. Alim artıq tədrislə məşğul olanda və yaxud evdə uşaq hazırlayanda sanki elmi mühitdən ayrılır. Halbuki alim elmi mühitlə yaşamalıdır".

 K.Əsədovun fikrincə, elmi adların alınması prosesi çox vaxt və vəsait tələb edir:
"Motivasiya yoxdur. Bu istiqamətdə dəstək baxımından konkret iş görülmür. Biz həm müəllimlərin maaş məsələsinə, həm də elmə gələnlərə müəyyən güzəştlərin edilməsinə çalışmalıyıq. Beləliklə, onların özlərini bu sahədə görmələrinə yardımçı olmaq olar. Ona görə də hesab edirəm ki, biz bu sahədə də ciddi şəkildə düşünüb, qərarlar qəbul etməliyik. Eyni zamanda bizim akademiya, universitet sistemində də bu istiqamətdə çox ciddi addımların atılmasına ehtiyac var ki, biz bu məsələləri həll edə bilək.  Fikrimcə, gəncləri  stimullaşdırmaq üçün alimlərin həm maaşı artırılmalı, həm də mənzil şəraiti yaxşılaşdırılmalıdır”.