Novruz bir bayram kimi baharın gəlməsi münasibəti ilə geniş miqyasda vətandaşlar tərəfindən qeyd olunur. Bu bayramın tarixi çox qədimdir. Azərbaycan xalqı Novruzu çox təntənəli və dörd həftə əvvəldən qeyd edir. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Əvvəlki dövrlərdən fərqli olaraq, son vaxtlar bu bayram rayonlarda belə sönük keçir. İnsanlarda bayram əhval ruhiyyəsi yoxdur. Səbəb nədir?
Məsələni dəyərləndirən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov "Sherg.az"a bildirib ki, qloballaşan dünyada milli bayramlar get-gedə ilkin anlamını itirməyə başlayır:
"Bu tarixlər zamanla unudularaq folklor nümunəsi olaraq muzeyşünasların, etnoqrafçıların, tarixçilərin tətqiqat apardığı hadisəyə çevrilir. Əhalinin böyük hissəsi rayonlarda yaşadığı üçün bayramlar burada daha təmtəraqlı keçirilirdi və uşaqların bayram sevinci böyük idi. Artıq onların əksəriyyəti paytaxtda və xarici ölkələrin böyük şəhərlərində məskunlaşırlar. Həmçinin, koronovirus pandemiyası, Qarabağ müharibəsi, iqtisadi eniş və digər problemlər bayramların ildən-ilə sönük keçməsinə səbəb oldu. Əlamətlər günlərin kreativ biznesə çevrilməsi, kommersiyalaşdırılması dünyanın hər yerində var. Dəfələrlə təklif olunub ki, Novruz bayramını kreativ,mədəni biznesin bir hissəsinə çevirək. Brazilyada təşkil olunan karnavallar kimi, Azərbaycanda da mərasimlər qurulsun. Bu zaman türk dünyasından Türkiyə, İran, Avropa ölkələrindən çoxlu xarici turist gələcək. Buradan əldə olunan gəlir isə Azərbaycan iqtisadiyyatına kifayyət qədər mühüm təsir edəcək. Xatırladaq ki, Türkiyədə turizm üzrə büdcəyə 60 milyard pul daxil olub. Əgər şənlikləri biznes forması kimi xidmət və əyləncə sektoruna çevirə bilsək, bayramları əvvəlki tərzdə qeyd edə bilərik. Bir çox ölkələr bu tip bayram axtarışındadırlar ki, qazana bilsinlər".