Qobuda it dişləyən doqquz yaşlı oğlanın vəziyyəti ağırdır.
Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb.
O bildirib ki, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: "Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub". Qeyd olunub ki, uşaqda çoxsaylı yaralar müşahidə edilib: "Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir".
İllərdir insanlar sahibsiz küçə itlərindən dad edirlər. Dəfələrlə, istər paytaxt Bakıda, istərsə də regionlarda bununla bağlı çoxsaylı şikayətlər gəlir. Bu yiyəsiz küçə itlərinə kim cavabdehlik daşıyır? Bu problemin həlli üçün hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, heyvanların küçədə nazarətsiz halda çoxalması getdikcə daha böyük təhlükələr yaradacaq:
"Çünki uşaqlar küçə heyvanlarının nə qədər təhlükəli ola biləcəyini dərk etmir və qorunma qabiliyyətinə malik deyirlər. Ona görə də daha çox azyaşlı uşaqlar küçə itlərin hücumuna məruz qalırlar. Bu səbəbdən həmin təhlükəli itlərin küçələrdən yığılaraq nəzarətdə saxlanılması daha məqsədəuyğundur. Küçələrdə sahibsiz pişiklərin artdığını da müşahidə edirik. Lakin onlar insanlara zərər vermədiyinə görə, narahatlıq doğurmur. Bununla birlikdə artıq neçənci dəfədir ki, küçə itləri bir insanın sağlamlığına təhlükə yaradır. Hesab edirəm ki, bununla bağlı hüquqi qurum məsuliyyət daşıyaraq diqqətli olmalıdırlar. Bələdiyyələrə tapşırılmalıdır ki, təhlükəli küçə itlərinin çox olduğu ərazilərlə bağlı əlaqədar qurumları məlumatlandırsınlar".