2024-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib, ötən ildə doğulmuş 112,6 min körpədən 46,9 faizi qız uşaqları olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizi, orta ixtisas təhsil müəssisələrində 79,4 faizi, ali təhsil müəssisələrində 58,7 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır.
Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 62,5 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.
Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 1,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 1,5 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.
Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 47,9 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında isə 22,7 faizdir.
Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 17,9 faizə çatıb.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2023-cü ildə 12,0 faizədək artıb.