Toy günü gedib kimisə yoxlamaq faydasız bir işdir. Bu, ancaq əlavə gərginliyə səbəb olar
“Hətta nikah şəhadətnaməsinin tələbi belə məsələni kökündən həll etməyəcək. Lakin düşünürəm ki, bu da problemin yeni bir formasını, toysuz nikahların, toysuz evliliklərin artmasına gətirib çıxaracaq”
Azərbaycan Standartlaşdırma İnstitutu “Standartlaşdırmada gender bərabərliyi” adlı tədbir keçirib. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, gender bərabərliyi ilə bağlı qanunun yerinə yetirilməsi ilə bağlı məlumatlar, artıq 4 ildir toplanır: “Gender bərabərliyi dedikdə bəzən yalnız qadınların hüquqları başa düşülür, amma belə deyil, burada həm də kişilərin hüquqları nəzərdə tutulur. Məsələn, təhsil sahəsində qadınların xeyrinə olan gender bərabərsizliyi var. Yəni bərabərsizlik tək qadınlara şamil olunmur”. S.Qəhrəmanova əlavə edib ki, Azərbaycanda oğlan uşaqları daha çox doğulur, qız uşaqlarına münasibət isə fərqlidir: “Qızları tezliklə evləndirməyə çalışırlar. Oğlanı oxudurlar, qızı isə tez ərə verirlər. Bu stereotiplər dəyişməlidir. Cəmiyyətin maarifləndirilməsi istiqamətində işlər görülür. Ailələrin maarifləndirilməsi üçün biz bələdiyyələrə üz tutmuşuq. Çünki məhz bələdiyyələr bu məsələdə aktiv iştirak edə bilər”.
Gender bərabərliyi və bərabərsizliyi son illərin ən çox müzakirə olunan mövzusudur. Lakin təəssüf ki, bu qədər çox, geniş müzakirələr aparılmasına, məlumatların toplanmasına baxmayaraq, müsbət dəyişiklik nəzərə çarpmır. Erkən nikahlar yenə baş verir və ən təəssüfləndirici məqam da budur ki, erkən evliliklərə görə cəzalandırma, məsuliyyətə cəlbetmə çox aşağı səviyyədədir.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da “Sherg.az”a açıqlamasında problemin aktual olaraq qaldığını dedi:
- Erkən nikahla bağlı müxtəlif yanaşmalara baxmayaraq, problem bu gün aktuallığını saxlayır. Maraqlıdır ki, son zamanlar toy evlərinin monitorinqi məsələsi aktuallaşıb. Şadlıq evlərində təşkil olunan toy mərasimlərində bəylə gəlinin kimliyi, təvəllüdünün yoxlanması təklif edilir. Bu nəyi dəyişəcək? Şəxsiyyət vəsiqəsini yoxlamaqla məsələ öz həllini tapmayacaq. Təsəvvür edin, toy məclisidir, kimlərsə də gəlib toy sahibindən bəyin, gəlinin şəxsiyyət vəsiqəsini tələb edir, sorğu-sual başlayır. Bu, toy sahiblərinə, bəylə gəlinə, əlbəttə, pis təsir göstərəcək. Erkən nikahların qarşısı toya qədər, nişana, elçiliyə qədər alınmalıdır. Toy günü gedib kimisə yoxlamaq faydasız bir işdir. Bu, ancaq əlavə gərginliyə səbəb olar. Hətta nikah şəhadətnaməsinin tələbi belə məsələni kökündən həll etməyəcək. Lakin düşünürəm ki, bu da problemin yeni bir formasını, toysuz nikahların, toysuz evliliklərin artmasına gətirib çıxaracaq. Bir də xəbər tutacağıq ki, artıq azyaşlılar doğuş ərəfəsindədir. Valideynlər qızlarını sakitcə aparıb ər evinə qoyacaq, bununla da məsələni bitirəcəklər. Bölgələrdə kim yoxlayacaq evlənənlər, toy edənlər neçə yaşındadır, nikah şəhadətnamələri var, yoxdur? Bunu yoxlamağa səlahiyyətli məsul şəxslər bu işi toya qədər icra edə bilər. Əgər bunu etmirlərsə, yenə də tanışlıq, qohumbazlıq, rüşvət, eləcə də məlum stereotiplər (ailənin daxili işinə qarışmamaq, “el-oba tənəsi”) üstünlük təşkil edirsə, toyda yoxlamalar əlavə rüşvətə şərait yaradacaq. Təbii ki, məsələyə daha konseptual yanaşma qanun və onun icrasına nəzarətdir.
M.Zeynalova bildirdi ki, bələdiyyələrin problemin həllinə cəlb edilməsinin də lazımi effekt verəcəyinə şübhə edir:
- Pandemiyaya qədər tətbiq edilən təcrübə, rayonlarda mövcud olan təhsil, polis, icra strukturu, Sosial Xidmət Agentliyi birliyinin monitorinqi yaxşı effektli idi. O cümlədən, əhali arasında mütəmadi QHT görüşləri və iştirakı da bu qəbildən olan vacib komponentdir. “Biz problemi niyə həll edə bilmirik” sualını verməkdənsə, “biz niyə birgə hərəkət etmirik və QHT üçün münbit imkanların yaradılması barədə düşünümürük”, barədə də danışmalıyıq. Əhali arasında QHT fəaliyyəti üçün imkanlar daha çox yaradılmalıdır. Amma belə deyil. Hər bir strukturu cəlb edirlər, vətəndaş cəmiyyəti – qht-ləri isə kənarda qoyurlar. Diqqət edilsə görünər ki, məhz qht-lərin fəaliyyəti məhdudlaşdırılandan bu problem daha da dərinləşib. Bələdiyyələr nə edəcək? Bələdiyyələr vəziyyəti, problemi obyektiv qiymətləndirə biləcəkmi? Bunun üçün gərək əvvəlcə bələdiyyələrin özü maarifləndirilsin. Bələdiyyələr yerli orqandır. Bələdiyyə üzvlərini sakinlər tanıyır. Onlar da sakinləri. Qonşuluq, qohumluq, tanışlıq münasibətləri var. Bələdiyyə üzvləri qınaqla üzləşmək istəməyəcəklər. Bu cur faktorlar problemin daha da dərinləşməsinə təsir göstərir. Bələdiyyələrin mümkün rolunu tam istisna etmirəm. Amma bu orqanı problemin həllinə cəlb etməzdən əvvəl onlar məlumatlandırılmalı, onlarla iş aparılmalıdır. Bələdiyyələri əvvəlcə mövcud faktorlardan azad etmək, sonra işə cəlb etmək olar. Ümumiyyətlə, sosial problemlərə QHT müdaxiləsi üçün imkanlar artırılmalıdır. Yalnız danışmaqla problem həllini tapmayacaq.