Sosioloq: Sifarişlə hədiyyə tələb edən müəllimlər də var

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərə xəbərdarlıq edib.
Agentlik sədri deyib ki, müəllimin fəaliyyətinə verilən ən böyük dəyər şagirdlərinin uğurlu nəticələridir:
“Yəqin ki, bununla məhdudlaşsaq, heç kimi narazı salmarıq. Ümid edirəm ki, bu bayramı müəllim adına, nüfuzuna xələl gətirməyən formada qeyd edəcəyik".
Xüsusilə, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın müəllimlərə hədiyyə verilməsi məsələsi cəmiyyəti iki qismə bölüür: tənqid edənlər və normal qarşılayanlar. Təbii ki, tənqid edənlər daha çoxdur.

Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, hədiyyə vermək tələblə yox, insanın içindən gəlməlidir:

"Əgər valideyn müəllimi qadınlar günü münasibəti ilə təbrik etmək istəyirsə, bunu təmannasız formada həyata keçirməlidir. Yəni könlündən nə keçirsə və ya nəyə gücü çatırsa ala bilər. Məsələn, buket, bir qutu şokolad, maraqlı kitab və s. Hədiyyədən asılı olmayaraq müəllimi qadın olduğu üçün təbrik ediriksə, hansısa əlavə niyyət axtarmağa gərək yoxdur. Necə ki, həmin gün anamız, bacımız, qaynanamız ilə bayramlaşırıq, müəllimimizi də təbrik etməkdə problem yoxdur. Ancaq prossesi bazara çevirməmək şərti ilə həyata keçirmək lazımdır. Hətta,valideyn komitələri konkret olaraq məbləğ təyin edirlər. Tapşırırlar ki, hər uşaq bu qədər məbləğdə pul gətirsin. Bu isə təmami ilə yanlış davranışdır. Təəssüf ki, hazırda sifariş verərək hədiyyə tələb edən müəllimlər də var. Valideyn şagird adından müəllimi təbrik etmək istəyirsə, bunu məcbur olunmadan gerçəkləşdirməlidir".