Analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olacaq, güzəştə yol verən şərtlər sırasına valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı hal da şamil ediləcək.
Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərti ilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq. Həmin kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən, valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq ediləcək. Layihə parlamentin plenar iclasına tövsiyə edilib.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, dəyişkliyi məqsədəuyğun hesab etmək olar:
"Çünki təkcə qadınlara güzəştin verilməsi doğru deyildi. Aydındır ki, qadınlar bütün günü uşaqla vaxt keçirir. Ancaq kişilər də ailəsi üçün işləyib pul qazanır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda kişilər daha qısa ömürlüdür. Bu səbəbdən pensiyaya çıxma ehtimalı daha aşağıdır. Bir sözlə, ailənin yükü daha çox kişilərin üzərindədir. Gendər bərabərliyindən söhbət gedirsə, bu hüquqlarda da tətbiq olunmalıdır. İstərdik ki, təqaüdlərin miqdarı çoxaldılsın. Bu da gəlirlə əlaqədardır. Yəni, bunun üçün Sosial Müdafiə Fondunun kifayyət qədər vəsaiti olmalıdır. İş yerləri, maaşlar artarsa, prosses həyata keçirilə bilər".