Novruz bayramı günlərində Azərbaycana daha çox turistin gələcəyi gözlənilir. Ölkəmizə gələn turistlər yalnız hotellərdə qalmırlar. Onlar Azərbaycana gəldikləri zaman evlər də kirayələyirlər.
Bəs bayram günlərində Azərbaycana turistlərin gəlməsi kirayə mənzil bazarında qiymətlərə necə təsir edəcək?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a deyib ki, bayram vaxtlarında kirayə mənzil bazarındakı qiymətlərdə artım müşahidə edilir:
"Pandemiyadan əvvəlki dövrlər Novruz bayramı ərəfəsində ölkəmizə xarici qonaqlar, xüsusən də Cənubi azərbaycanlılar kütləvi surətdə axın edirdilər. Lakin quru sərhədlər bağlı olduğuna görə, turistlərin sayında azalmalar görülür. Buna baxmayaraq, hava yolu ilə gələnlər var. Belə vaxtlarda otel və hostellər qonaqlar tərəfindən rezerv olunur. Həmin turistlərin ailə üzvlərinin sayı çoxdursa, onlar daha çox gündəlik mənzilə üz tuturlar. Gündəlik mənzillərin kirayə qiyməti otellərə nisbətən daha ucuzdur. Yəni, burada otaq sayı çox və qiymət münasibdir. Həmçinin, paytaxt sakinlərinin əksəriyyəti bölgələrə yollanırlar. Bu baxımdan turistlər paytaxta və digər şəhərlərə gəldikdə gündəlik hostel və otellərdən istifadə edə bilirlər. Bölgələrdə otellərin sayı az olsa da turistik zonalarda kirayə mənzillər kifayyət qədərdir".