Bakıda 100 yeni elektriklə işləyən avtobus istismara veriləcək.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Anar Rzayev “Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İqtisadi İslahatlar və Müasir Çağırışlar” konfransında çıxışı zamanı deyib.
O bildirib ki, cari ildə avtobus parkı yenilənəcək, yeni velosiped yolları salınacaq.: “Bundan başqa, Bakı Taksi Xidməti” MMC-ə məxsus 150 ədəd elektrik mühərrikli taksi alınacaq”.
Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, elektriklə işləyən avtobusların bir sıra üstün cəhətləri mövcuddur:
"Çünki ekologiyaya müsbət təsir edir və oksigenə zərərli tüstülərin buraxılmasının qarşısını alır. Həmçinin bu nəqliyyat növü səssiz rejimdə işləyir. Mühərrikin çalışması da digər yanacaq növlərinə nisbətən daha sərfəli qiymətə başa gəlir. Qeyd olunan amillər elektrobusların dünya nəqliyyat sahəsi üzrə özünəməxsus yerə malik olduğunu bir daha sübut edir".