Vətəndaşın mülkiyyət hüququ pozula bilməz - AÇIQLAMA


Sökülən əmlak dəyərləndirilib, bazar qiymətinə uyğun hesablanmalı və 20 faiz əlavə kompensasiya verilməlidir

  Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev Milli Məclisin ötən iclasında tikinti şirkətlərinin özbaşınalığından, onların qanunsuz olaraq söküntü işləri aparması, əmlak sahiblərinin hüquqlarını kobud şəkildə pozması ilə bağlı kəskin fikirlər səsləndirib.
O, misal olaraq öz müavini, tanınmış jurnalist Elçin Mirzəbəylinin tikinti şirkətlərinin özbaşınalığından ziyan çəkdiyini bildirib.
“Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, icazə almadan tikintiyə, söküntüyə başlayırlar. Onları dayandıracaq qurum da yoxdur.
Belə tikinti şirkətlərinin rəhbərlərinin gözlərini pul elə tutub ki, Allahdan belə qorxmurlar. Anlamırlar ki, Allah bir gün onlara qan qusduracaq. Müavinim Elçin Mirzəbəylinin həyat yoldaşının, baldızının adına olan evi heç bir kompensasiya ödəmədən söküblər. Mən bilirəm ki, bu, Ombudsmanın gücü çatacaq məsələ deyil, amma soruşmaq istəyirəm, siz nə təklif edirsiniz? Milli Məclisin məsuliyyəti nə qədərdir? Biz nə edək ki, bu vəziyyəti dəyişək?”.
  Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, istismar müddəti bitmiş binalar sökülməli olsa da, burada vətəndaşın mülkiyyət hüququ pozulmamalıdır:

“30 ilə yaxın bir müddətdir ki, paytaxt Bakıda yeni çoxmənzilli yaşayış binalarının tikintisinə start verilib və proses bu günə qədər davam edir. Bakının Baş Planına əsasən, paytaxt ərazisində çox sayda köhnə binalar və fərdi evlərdən ibarət olan yaşayış massivləri sökülərək yeni tikililərlə əvəzlənəcək. Əgər söhbət hər hansı bir ərazidəki çoxmənzilli yaşayış binalarından gedirsə, aidiyyəti dövlət qurumlarının hər birindən sənədlər toplanmalıdır. Tələb olunan sənədlərdən biri əskik olsa belə həmin ərazidə tikinti aparmaq qadağan olunur və inşaatın qarşısı alınır. Bu günə qədər paytaxt ərazisində 200-dən artıq yeni çoxmənzilli bina tikilərək vətəndaşlara təhvil verilib. Başqa bir tərəfdən, biz mənzərəyə baxsaq, hazırda paytaxt ərazisində pilot layihələr üzərində söküntü işləri gedir. İstismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binası sökülərək yeni tikili binalarla əvəzlənir.
Bu həm paytaxt ərazisində çoxmənzilli binaların tikintisi üçün torpaq sahələrinin məhdud olması, həm də şəhərin estetik gözəlliyinin qorunması, sakinlərin qəzalı yaşayış binalarından yeni evlərə köçürülməsi üçün nəzərdə tutulub. Tikinti şirkətləri özəl sektor olsa da, bu sahədə bir növ dövlətin üzərinə düşən öhdəliyi icra edir”.
  Ekspert istismar müddətini bitirmiş bina və həyət evlərinin söküntüsü zamanı da sakinlərlə MTK-lar arasında yaşanan problemlərə toxunub: “Qanunvericilikdə hər bir vətəndaşın evi üçün onun istəyinə uyğun kompensasiyanın ödənilməsi yer alıb. Ya alternativ əmlak verilməlidir, ya da ki müəyyən razılaşma əldə edilməlidir: “Sadəcə olaraq qanunda öz əksini tapan maddələr bir çox hallarda vətəndaşları və ya tikinti şirkətlərini qane etmədiyi üçün hər iki tərəf daha çox qazanc əldə etməyə çalışır. Lakin heç bir halda vətəndaşın adına olan mənzilin qanunsuz olaraq sökülüb, əvəzində isə kompensasiya verilməmə məsələsi gündəm olmayıb. Millət vəkilinin qeyd etdiyi məsələ ilə bağlı mütləq araşdırma aparılmalı və vətəndaşa dəymiş zərər ödənilməlidir.
İstənilən halda vətəndaşın sökülən əmlakı dəyərləndirilib, bazar qiymətinə uyğun hesablanmalı və 20 faiz əlavə kompensasiya verilməlidir. Bəzən vətəndaşlar şəxsi mənzilləri üçün artıq pul, evlərinin ölçüsündən böyük mənzillə təmin olunmaq istəyirlər”.