İctimai yaddaşın formalaşmasını və nəsildən-nəslə ötürülməsini formalaşdıran əsas amillər dil, ünsiyyət və mədəniyyət elementləridir. Dil, ümumi məna dünyası yaratmaqla ictimai yaddaş prosesində birləşdirici rol oynayır. Ünsiyyət, fərdlər arasında məlumat mübadiləsini asanlaşdıraraq sosial təcrübələrin davamlılığını təmin edir. Mədəniyyət isə ictimai yaddaşı incəsənət, adət-ənənələr və mərasimlər vasitəsilə zənginləşdirir və qoruyur. Bu elementlərin birləşməsi cəmiyyətlərin kollektiv yaddaşının formalaşmasında mühüm rol oynayır. Ümumiləşdirsək, dil və mədəniyyət ictimai yaddaşın uzunmüddətli davamlılığını müəyyən edən amillərdir və cəmiyyətləri bir xalq olaraq bir araya gətirməkdə mühüm əhəmiyyət kəsb edir.
Tarix boyu cəmiyyətlərin bu günə qədər milli kimliklərini əks etdirən kodlar müxtəlif mədəni janrlar vasitəsilə xalqın yaddaşında qorunub saxlanaraq unudulmaq riskinin qarşısı alınıb. Bu kodlar mahnılar, şeirlər, bayramlar, yas mərasimləri, toylar, mərsiyələr və xalq mahnıları kimi müəyyən mədəniyyət növləri vasitəsilə məna tapır. Bu mədəni janrlar xalqın keçmişini, dəyərlərini, emosional bağlarını ifadə etmək, onları nəsildən-nəslə ötürmək, milli kimliyi xatırlatmaq funksiyasına malikdir.
Keçmişi bu günə bağlayan və bu əlaqə nəticəsində gələcək addımlara işıq salan ictimai yaddaş anlayışı 1920-ci illərdə fransız sosioloqu Maurik Halbuaks tərəfindən hazırlanıb. İkinci Dünya Müharibəsindən sonra geniş yayılmağa başlayan ictimai yaddaş anlayışı fərdlərin və cəmiyyətlərin formalaşmasında, ortaq dəyərlərin və anlayışların anlaşılmasında mühüm rola malikdir. Cəmiyyətlərin xatırlama və unutma təcrübələri timsalında araşdırma və analizlərə mənbəy olan vacib amil ictimai yaddaşdır. Keçmişi diqqətdə saxlamaqdansa, xatırlamaq funksiyasına görə vacib olan ictimailəşmiş yaddaş nümunəsi mədəni yaddaş adlanır. İnsan beynində formalaşan yaddaşın məlumatı necə və nə qədər müddətə saxlaması və yadda saxlaması fərdin öz imkanlarından, yaşadığı cəmiyyətin və mədəniyyətin təsirindən asılı olaraq dəyişir. İctimai yaddaşın formalaşmasına və yadda saxlamaq təcrübəsinə ən çox mədəniyyətin təsir etdiyi güman edilir. Bu prizmadan baxanda görürük ki, mədəniyyət, adət-ənənələr cəmiyyəti digər cəmiyyətlərdən fərqləndirən məqamlardır və cəmiyyətin yaddaşında olan informasiyalar bundan təsirlənir. Mədəniyyət anlayışını “keçmiş haqqında fərdlər tərəfindən yaşanmayan, lakin mədəni alətlər vasitəsilə fərdlər tərəfindən öyrənilən bilik və təcrübələr məcmusu” kimi müəyyən edə bilərik.
Psixoanalizin banisi Ziqmund Freyd şüuraltını keçmişlə bağlı bütün məlumatların toplandığı hissə kimi təyin edir və araşdırma və təhlilində xatırlama deyil, unutma prosesini araşdırır. Halbuaks iddia edir ki, Freydin iddiasının əksinə olaraq yaddaşın keçmişlə bağlı bütün məlumatları saxlaması qeyri-mümkündür. Yadda saxlama prosesi insanın şüuraltında olan məlumata görə baş versə də, fərdin nəyi yadda saxladığını cəmiyyət müəyyən edir və burada müəyyən təsirlər var. İctimai yaddaş bir cəmiyyətin və fərdlərin tarixi biliklərini yaşatmaq baxımından mühüm məfhumdur. Jan Assmann Halbuaksın sosial yaddaş nəzəriyyəsinə əsaslanaraq “mədəni yaddaş” konsepsiyasını işləyib hazırlayıb və bu konsepsiyanın bir nəslin bilikləri növbəti nəslə ötürmək bacarığında köməkçi amil olduğunu söyləyib. İnsan yaddaşının xarici ölçüsü olan mimetik yaddaş, obyektlərin yaddaşı, kommunikativ yaddaş və mədəni yaddaş növləri cəmiyyətin məlumatlarının yadda saxlanması və ötürülməsi prosesində müxtəlif üsullar kimi xarakterizə edilə bilər. Assmann, ruhaniləri, yazıçıları və ədəbiyyat adamlarını, filosofları, tarixçiləri, müəllimləri, musiqiçiləri və ozanları mədəni yaddaşın daşıyıcıları kimi dəyərləndirirdi. Buradan belə nəticəyə gəlmək olar ki, mədəniyyət, ünsiyyət mədəni yaddaşın formalaşmasında və ötürülməsində böyük rol oynayır.
İnformasiyanın keçmişdən bu günə ötürülməsində, sosial üstünlüklərin formalaşmasında və s. məsələlərdə musiqinin təsirini və funksiyasını görə bilərik. Yas, toy, bayram və bu kimi mərasimlərdə musiqinin yayılması və inteqrasiyası əslində bu mədəniyyətin nə qədər geniş və bənzərsiz olduğunun göstəricisidir. Musiqi ilə mədəniyyətin əlaqəsini öyrənən elm sahəsi olan Etnomuziqiologiya bir çox fənlərarası elmlərlə bağlıdır. Tədqiqatın məqsədinə uyğun olaraq musiqini tədqiq edərkən musiqinin sosial-mədəni kimliyinə, tarixi funksiyasına və psixoloji cəhətlərinə nəzər saldıqda anlayırıq ki, bu sənət sahəsinin formallıq, təkrarçılıq kimi xüsusiyyətləri onu digər bədii əsərlərdən fərqləndirir. Cəmiyyət ortaq dəyərlərini möhkəmləndirərək, onları mədəniyyətlər arasında təkrarlana bilən bir texnika ilə nəsildən-nəslə ötürərək, mədəni keçmişinin də insanlarla birlikdə yoxa çıxmasının qarşısını alır.
Hər bir xalqın musiqisi digər xalqlardan melodiyasına, mövzusuna və yanaşmasına görə fərqlənir. Güman edilir ki, musiqi səs kodlaşdırması olmaqla yanaşı, həm də insanların etnoloji quruluşa əsaslanan sosial davranışını əks etdirir. Məsələn, xalq mahnıları mənsub olduğu cəmiyyətin sosial üstünlüklərini, milli kimliyini və mədəniyyətini ən uyğun şəkildə əks etdirən musiqi növüdür. Bu musiqi növü cəmiyyətin yaddaşında mövcud olan məhəbbət, münasibət, iman, yaxşı və pis anlayışları, vətən və qəhrəmanlıq kimi əsas anlayışları folklor elementi kimi özündə cəmləşdirir. Nümunə olaraq, Azərbaycan xalqının ictimai yaddaşının formalaşmasında mühüm rol oynayan muğam musiqisi xalqın sosioloji və mədəni yaddaşını əks etdirən mühüm nüanslara ev sahibliyi etməkdədir. Muğamlar mədəni, tarixi və sosial məzmunu ilə xalqın emosional bağlarını, ümumi dəyərlərini ifadə edərək Azərbaycan xalqının ictimai yaddaşının formalaşmasına töhfə verməklə milli kimliyin qorunub saxlanmasında rol oynayıb. Müşahidə olunur ki, xüsusilə bayramlarda, toylarda, müharibə dövründə cəmiyyətin davranışında, hadisələrə yanaşmasında müəyyən məqamlar tarix boyu təkamül yolu ilə keçmiş xalq muğamlarının əsas mövzusunu təşkil edir. Bu musiqi əsərləri ictimai hadisə və dövrlərə xas olan emosional və mədəni əks-sədaları təqdim etməklə cəmiyyətin kollektiv yaddaşına təsir və formalaşdırır. Xüsusən də müharibə illərində şifahi xalq ədəbiyyatına aid mətnlərlə tamamlanan muğamlar, vətən sevgisi, qəhrəmanlıq, həmrəylik kimi təməl dəyərləri önə çəkməklə cəmiyyətin emosional reaksiyalarına, hadisələrə baxışına əhəmiyyətli dərəcədə təsir göstərib. Bu musiqi əsərləri müharibə dövründə sosial dinamikanı dərk etmək, tarix boyu dəyişən sosial normalara işıq salmaq baxımından mühüm mənbə sayıla bilər.
Azərbaycan və Ermənistan arasında Qarabağ müharibələri dönəmində muğamların Azərbaycan xalqına təsiri, muğamlarda vətənpərvərlik, Qarabağın Azərbaycana mənsubluğu, ölkənin ərazi bütövlüyü, türklərin qəhrəmanlığı kimi məsələlərin işlənib hazırlanmasına zəmin yaradır.
Unikal musiqi janrları və mətnlər, alətlər və rəqslər müəyyən coğrafiyanın və ya etnik qrupun mədəni irsini əks etdirir, cəmiyyətin özünəməxsus xarakterini yaradır, eyni zamanda cəmiyyətin kimliyini formalaşdırır. Bu orijinallıq ictimai yaddaşı zənginləşdirir, onun nəsillər arasında ötürülməsini təmin edir. Musiqinin başqa bir təsiri onun tarixi hekayələri və keçmişin xatirələrini oyatmaq qabiliyyətidir. Mühüm hadisə və dövrlər həmin dövrün musiqi strukturları ilə əlaqələndirilərək yaddaşlarda canlandırılır və bu, ictimai yaddaşda dərin və qalıcı təsir bağışlayır. Musiqi emosional yaşantıları ifadə etmək, mədəni kimliyi formalaşdırmaq və tarixlə əlaqələndirmək kimi mühüm funksiyaları yerinə yetirməklə yanaşı, cəmiyyətlər arasında ortaq dil yaradaraq birlik və həmrəylik hisslərini gücləndirir, bu da sosial yaddaşın zənginləşməsinə xidmət edir.
Ümüd Oruc